Ümummilli Liderin neft strategiyası hesabına maliyyə imkanlarımız artdı - ÖZƏL
14 İyun 2023 11:04 Siyasət"Ümummilli Liderin hazırladığı neft strategiyası hesabına maliyyə imkanlarımız artdı, əhalinin həyat tərzi yüksəldi. "Əsrin müqaviləsi" Ulu Öndərin neft sənayesi strategiyasında qazandığı uğurların başlanğıcı idi. Azərbaycan üçün həyati əhəmiyyət kəsb edən bu müqavilə həm respublikanın daxilində sabitliyin bərqərar olunmasında, həm də xarici siyasətdə uğurların qazanılmasında müstəsna rol oynadı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, Heydər Əliyevin özünün də vurğuladığı kimi, "Biz ölkəmizi iqtisadi cəhətdən inkişaf edən ölkə etmək istəyirik. Biz ölkəmizin vətəndaşlarına firavan həyat yaratmaq istəyirik. Biz müstəqil dövlət kimi daim yaşamaq istəyirik. Bütün bu işlər - təkcə neft sahəsində deyil, Azərbaycan iqtisadiyyatının, həyatının bütün başqa sahələrində də gördüyümüz işlər məhz bu məqsədi daşıyır".
Millət vəkili bildirib ki, Azərbaycan neftinin dünya bazarına çıxarılması üçün şaxələndirilmiş neft kəmərlərinin inşası xüsusi düşünülmüş iqtisadi siyasətin istiqamətlərindən biri idi: "Bakı-Supsa neft kəməri işə salınmaqla yanaşı, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin inşasına da start verildi. 1999-cu ilin noyabrında Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri ABŞ-ın dövlət başçısının iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşa edilməsinə dair hökumətlərarası saziş imzalandı. Ümummilli Lider Heydər Əliyev həm də Azərbaycan qazının dünya bazarlarına çıxarılması üçün nəzərdə tutulan və regionun kifayət qədər əhəmiyyətli layihəsi hesab olunan Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin də təməlini qoydu. Neft gəlirlərinin ədalətli və şəffaf xərclənməsi, gələcək nəsillərə saxlanılması məqsədi ilə Dövlət Neft Fondunun yaradılması da məhz dahi lider Heydər Əliyevin planı idi. Bu məqsədlə o, 1999-cu il dekabrın 29-da "Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması haqqında" Fərman imzaladı. Bütün bu strateji addımlar Azərbaycanın parlaq gələcəyinə qoyulan iqtisadi və siyasi investisiyalar idi. Əsas hədəflərdən biri iqtisadi cəhətdən möhkəmlənərək siyasi meydanda güclənmək və hərbi potensialımızı artırmaq idi. Məqsəd dövlət suverenliyimizi təmin etmək idi".