Ümummilli Lider Azərbaycanı həm məhv olmaq təhlükəsindən xilas etdi - ÖZƏL
14 İyun 2023 11:00 Siyasət"Ümummilli Lider Heydər Əliyevin ən böyük arzularından biri Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq çərçivəsində ədalətli həlli, zəbt olunmuş torpaqlarımızın erməni işğalından azad edilməsi, soydaşlarımızın ata-baba yurdlarına qayıtmaları idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, Heydər Əliyev dəfələrlə qeyd edirdi ki, "Dağlıq Qarabağ məsələsi Azərbaycanın müstəsna səlahiyyətinə daxildir və onu Azərbaycan Respublikası özü həll etməlidir. Çıxış yolu birdir, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz bir hissəsidir. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olub və gələcəkdə də daim olmalıdır və Dağlıq Qarabağda vəziyyəti ancaq bu şərtlə həll etmək olar. Bunun başqa yolu yoxdur".
Deputat bildirib ki, 1993-cü ildən sonra ordu quruculuğuna xüsusi önəm verildi. Hərbi büdcə ildən-ilə artırıldı: "Müasir qoşun növləri yaradıldı. Azərbaycan xaricdən ən modern silah-sursatların alınması üçün istehsalçı şirkətlərlə müqavilələr bağladı. Bu hazırlıq, islahatlar bizi qələbəyə hər gün daha da yaxınlaşdırırdı. Ümummilli Lider möhtəşəm Qayıdışı ilə Azərbaycanı həm məhv olmaq təhlükəsindən xilas etdi, həm də ölkəmizin ərazilərini işğal edən bir təcavüzkar dövlətə cavab zərbəsi hazırladı. Bəli, cavab zərbəsinin vaxtı 2020-ci ilin sentyabrında yetişdi. Ulu Öndər Heydər Əliyev inanırdı ki, siyasi varisi, Prezident cənab İlham Əliyev onun tarixi missiyasını yerinə yetirəcək. O, tarixi müraciətində bildirirdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".