Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir - Spiker
14 İyun 2023 10:40 Siyasət"Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və banisi olduğu kimi, bugünkü parlamentin də banisidir. Fəxr edirik ki, Heydər Əliyevin xilaskarlıq missiyası Milli Məclisdən başlayıb, 4 ay parlamentə rəhbərlik edib. Heydər Əliyevin parlamentə rəhbərlik etdiyi dövrdə 96 qanun və qərar qəbul edilib". Olaylar xəbər verir ki, bunu Milli Məclisin Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında spiker Sahibə Qafarova bildirib. Spiker qeyd edib ki, o vaxtkı Prezident Əbülfəz Elçibəy Bakını tərk edib və parlamentin çağırışına baxmayaraq, paytaxta qayıtmayıb: "Buna görə 1993-cü il iyunun 24-də Ali Sovetin sədri kimi Heydər Əliyev Prezident səlahiyyətlərinin icrasına başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən seçkidə Heydər Əliyev prezident seçilib".
Sahibə Qafarova bildirib ki, Şərqdə ilk dəfə ölüm cəzasının ləğvi Heydər Əliyevin təşəbbüsü ilə reallaşıb: "Heydər Əliyevin siyasi kursu Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Heydər Əliyevin ən böyük arzusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə şərəflə yerinə yetirilib, torpaqlarımız işğaldan azad edilib".