Kosmik obyektlərin aşkarlandığı yerlərdə karantin tətbiq olunacaq
30 May 2023 12:52 SiyasətKosmik obyektlərin və onların hissələrinin Azərbaycan Respublikasının ərazisində aşkar edildiyi yerlərdə kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilməsinə yol veriləcək. Olaylar xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında I oxunuşda müzakirəyə çıxarılan "Kosmik fəaliyyət haqqında" yeni qanun layihəsində əksini tapıb. Layihədə qeyd edilib ki, Azərbaycan Respublikasında kosmik fəaliyyət və kosmik sənaye sahələrində fəaliyyət həyata keçirilərkən ətraf mühitin qorunması, ekoloji və texniki təhlükəsizlik tələblərinə riayət edilməsi üçün müvafiq olaraq "Ətraf mühitin mühafizəsi haqqında", "Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında", "Ekoloji təhlükəsizlik haqqında" və "Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulan tədbirlər görülür. Kosmik obyektlərin və onların hissələrinin Azərbaycan Respublikasının ərazisində aşkar edildiyi yerlərdə kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilməsinə yol verilir. Azərbaycan Respublikasının ərazisində qəzaya uğrayan pilotlu kosmik obyektin heyətinin xilası üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən tədbirlər görülür, habelə qəza ərazisində kosmik fəaliyyət haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvəqqəti karantin tətbiq edilir.
Yeni qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.