İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi

Mübaliğəsiz, heç bir şişirtmə olmadan deyə bilərik ki, Azərbaycanın bu günkü iqtisadi inkişafı, tərəqqisinin kökündə dayanan əsas amil Heydər Əliyev siyasəti, ümummilli liderin ölkəyə rəhbərlik etdiyi illərdə müdrikcəsinə atdığı addımlar dayanır. Zamanında Ulu Öndərin sağlam formada təməlini qoyduğu Azərbaycan iqtisadiyyatı bu gün məhz həmin təməl üzərində gündən-günə inkişaf edir, ölkəni uğurlara, iqtisadi inkişafa aparır.

Ümummilli lidierin Azərbaycan iqtisadiyyatının inkişafında xidmətlərini əsasən 3 mərhələyə bölmək olar. Birincisi, Heydər Əliyevin sovet Azərbaycanında  rəhbər vəzifədə çalışdığı illər, ikincisi, ümummilli liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr, üçüncüsü isə, Ulu Öndərin gərgin əməyi sayəsində imzalanmış "Əsrin müqaviləsi"ndən sonrakı illər, hansı ki, Azərbaycan iqtisadiyyatının sürətli inkişafı məhz həmin tarixi hadisədən sonra başladı.

İqtisadi inkişafın ən yüksək zirvəsi

Qeyd etdiyimiz Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərinin birinci dövrü Ulu Öndərin Sovet Azərbaycanına rəhbərlik etdiyi 1969-1982-ci illəri əhatə edir. Bu həmin dövr idi ki, Moskvada Azərbaycan barədə konkret plan hazırlanmışdı. Təbii ki, Azərbaycanın iqtisadi inkişafı, yaxud onun iqtisadiyyatına dəstək planı deyildi. Həmin dövrdə Mərkəzi Komitədə kök salmış erməni siyasiləri, antiAzərbaycan mövqeyində dayanan erməni millətçiləri belə bir fikir formalaşdırmağa nail olmuşdular ki, Azərbaycanın ittifaqa heç bir faydası yoxdur, bir respublika kimi özünü doğrultmur. Ona görə də Azərbaycanın Ermənistan, Gürcüstan və Dağıstan arasında bölüşdürülməsi kimi dəhşətli bir planın icrası məqbul sayılırdı. Heydər Əliyevin həmin illərdə Sovet Azərbaycanına rəhbərliyə gətirilməsi hər şeydən əvvəl bu məkirli planın qarşısını aldı. Necə ki, 1993-cü ildə Azərbaycanın xilaskarı kimi Naxçıvandan Bakıya qayıdan ümummilli lider, 1969-cu ildə də eyni tarixi missiya həyata keçirmişdi. Sovet Azərbaycanına rəhbərliyə gətirilməklə Azərbaycanın bir respublika kimi ləğvinin qarşısını alınmışdı. Təbii ki, uzaqgörən, düşünülmüş siyaəti, gördüyü işlərlə. Qısa müddətdə Heydər Əliyevin sayəsində iqtisadi sahədə atılan addımlar və əldə edilən uğurlar Azərbaycan iqtisadiyyatının nəinki inkişafına təkan verdi, hətta onu ittifaq ölkələri arasında qabaqcıl yerə çıxardı. Bir sözlə, Azərbaycanda sürətli iqtisadi inkişafı dönməz xarakter almağa başladı. O dövrlərdə Azərbaycanın təkcə sənaye sahəsində deyil, həmçinin kənd təsərrüfatında da inkişaf meyilləri özünü göstərdi.  Azərbaycan bu illərdə pambıq yığımı, üzüm və texniki bitkilərin becərilməsinə görə ön sıralarda qərarlaşırdı. Heydər Əliyevin Sovet Azərbaycanına rəhbırlik etdyi illərdə ölkəmiz üzümün, tərəvəzin, tütünün, çayın ən böyük istehsalçısı oldu. Əldə edilən müsbət tendensiya isə ilk növbədə insanların maddi rifah halının yaxşılaşmasına öz təsirini göstərirdi.

Təsadüfi deyil ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi həmin illəri iqtisadi inkişafın ən yüksək zirvəsi kimi xarakterizə edirdilər.

Məhz Ulu Öndərin gərgin əməyi sayəsində Azərbaycan SSRİ respublikaları arasında ən sürətlə inkişaf edən, iqtisadi gücü yetərincə olan, elmi-texniki tərəqqiyə, insan kapitalına sahib respublikaya çevrildi. Kənd təsərrüfatı, elmi-texniki sənaye, kadr potensialı, neft sahəsində ciddi nailiyyətlər əldə edildi. Xəzər dənizində aparılmış kəşfiyyat işləri Azəbaycanın nəhəng neft yataqlarına sahib olduğunu üzə çıxardı, inşa edilən Dərin Özüllər Zavodu respublikaya bu yataqlardan müstəqil şəkildə faydalanmaq imkanı yaratdı. Həmin illərdə Bakı Məişət Kondsionerləri Zavodunun istifadəyə verilməsi də ölkə iqtisadiyyatının gücünə güc qatmış oldu. Sözügedən zavodun istifadəyə verilməsi bir tərəfdən Azərbaycan istehsalı olan kondsionerlərin ittifaq ölkələrinə ixracına zəmin yaradırdısa, digər tərəfdən Bakıda çoxlu sayda iş yerlərinin açılmasına töhfə veriridi. Beləliklə, bir vaxtlar özünü doğrultmayan bir respublika kimi xarakterizə edilib ləğvi planlaşdırılan bir ölkə 1980-ci illərin ortalarında Rusiyadan sonra yalnız özü-özünü iqtisadi cəhətdən təmin edə bilən yeganı respublikalardan birinə çevrilmişdi.

Yenidən bərpa edilən iqtisadiyyat

Ümumilli liderin Azərbaycan iqtisadiyyatının inkişafındakı xidmətlərinin ikinci mərhələsi 90-cı illərin əvəllərinə təsadüf edir. Müstəqilliyin əldə edilmısindən sonra ölkəyə rəhbərlik edən qüvvələrin səriştəsizliyi, idarəetmələrinin zəifliyi o dövrdə Azərbaycanı elə bir vəziyyətə gətirib çıxarmışdı ki, ölkə məhv olmaq, parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə Bakıya siyasi hakimiyyətə qayıdan Heydər Əliyevin qarşısında duran ilk məqsəd və vəzifə ölkədə siyasi sabitliyə nail olmaq və siyasi sabitlik fonunda ölkə iqtisadiyyatını inkişaf etdirmək idi. Ümummilli ldier o dövrdə Azərbaycan iqtisadiyyatının durumu barədə haqlı olaraq deyirdi: "Respublika iqtisadiyyatı, demək olar ki, tamamilə dağıdılıb, xalqın rifah halı aşağı düşüb. Lakin respublikanın böyük sosial-iqtisadi, elmi-texniki potensialı var. Azərbaycanın coğrafi-siyasi vəziyyəti, onun təbii sərvətləri, uzun illər boyu yaranmış əsas fondları respublikanı bu ağır böhrandan çıxarmağa imkan verir. Digər tərəfdən yeni islahatlar aparmaq yolu ilə bazar iqtisadiyyatına keçmək istiqamətində hərəkət etməliyik".

Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dövrü

Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi istiqamətində atmış olduğu ən mühüm addım isə 1994-cü ildə "Əsrin müqaviləsi"nin imzalanması oldu. Təsadüfi deyil ki, bu dövrü, yəni "Əsrin müqaviləsi"nin imzalanmasından sonrakı illəri Heydər Əliyevin sayəsində Azərbaycan iqtisadiyyatının inkişafının üçüncü mərhələsi kimi xarakterizə edirlər. Ulu öndərin təşəbbüsü və rəhbərliyi ilə  1994-cü il sentyabrın 20-də Azərbaycan dünyanın aparıcı neft şirkətləri ilə "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının dərin hissəsinin birgə kəşfıyyatı və işlənməsi üzrə 7 ölkənin 11 məşhur şirkəti ilə "Əsrin müqaviləsi" adlandırılan saziş  bağlandı və  ABŞ, Rusiya, Böyük Britaniya, Yaponiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanı neft şirkətlərinin iştirakı ilə konsorsium - Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti yaradıldı. "Əsrin müqaviləsi" Xəzər dənizində ilk iri miqyaslı layihənin həyata keçirilməsində  beynəlxalq əməkdaşlığın əsasını qoydu. Dünyanın ən nufuzlu və yüksək texnologiyalarına malik olan neft şirkətləri ilə neft sazişinin bağlanması  olkə iqtisadiyyatının bütün sahələrinin inkişafının əsasını yaratdı və nəticədə  bu tədbirlərin həyata keçirilməsi hazırkı davamlı və dinamik inkişafın təmin edilməsində müstəsna əhəmiyyətə malik oldu. Eyni zamanda Azərbaycanda  etibarlı investisiya mühitinin və əlverişli investisiya şəraitinin yaradılması qısa müddətdə bir neçə perspektivli strukturların birgə kəşfiyyatı və işlənməsinə dair əlavə, daha 20 müqavilə bağlamağa imkan verdi. Bağlanmış müqavilələrə görə, birbaşa xarici investisiyaların ümumi məbləği təqribən 60 milyard ABŞ dolları təşkil edirdi. 1997-ci ilin noyabr ayından ilk müqavilə üzrə neft hasilatına başlandı və qısa müddətdə 12 milyon ton xam neft hasil edilərək xarici ölkələrə ixrac edildi və ümumən neft hasilatı artaraq 2000-ci ildə 14,1 milyon tona çatdı.

Qarşıda isə daha mühüm vəzifə, neftdən gələn gəlirlərin səmərəli istifadə edilməsi dayanırdı. Neftdən gələn gəlirlərin səmərli istifadə edilməsi, bu gəlirlərin xalqın sosial rifah halının yaxşılaşdırılmasına yönəldilməsi məqsədilə Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) təsis edildi. Qısa müddətdə paytaxt və regionlarda infrastrukturun yaradılması, çətin şəraitdə yaşayan məcburi köçkünlərin həyat şəraitinin yaxşlaşdırılması məhz Neft Fonduna daxil olan vəsaitlər hesabına idi. Beləliklə, Heydər Əliyev strategiyasının həyata keçirilməsi nəticəsində 1995-ci ildən Azərbaycanda inkişafın yeni mərhələsi - bərpa və dinamik inkişaf dövrü başlandı. 1995-2003-cü illər ərzində ümumi daxili məhsul 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,9 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 22,4 faiz, kənd təsərrüfatı istehsalı 52,8 faiz, xarici ticarət dövriyyəsi 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq əməkhaqqısı 6,2 dəfə artdı, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirildi. Bu dövrdə iqtisadiyyata bütün maliyyə mənbələri hesabına 20 milyard ABŞ dolları həcmində investisiyanın qoyulması təmin olundu. Sonrakı illərdə Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Bakı-Tbilisi-Qars dəmir yolu, eləcə də onlarla belə regional və qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi və bu prosesin günümüzdə də davam etməsi məhz Heydər Əliyevin uğurlu neft strategiyası və Azərbaycan iqtisadiyyatının inkişafı istiqamətində atdığı uğurlu addımların, qoyduğu sağlam bünövrənin nəticəsidir. Həmin addımlar bu gün Heydər Əliyevin siyasi varisi Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Həmçinin, Ulu Öndərin zamanında təməlini qoyduğu Azərbaycan iqtisadiyyatı günümzdə dövlət başçısı İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir, möhkəmlənir, güclənir.

Süleyman İsmayılbəyli

Yazı  "İqtisadiyyat Nazirliyi tərəfindən "Heydər Əliyev İli" ilə əlaqədar olaraq media nümayəndələri arasında elan edilmiş "İqtisadi siyasət və inkişafın Heydər Əliyev fəlsəfəsi" mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim edilir"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31