Ölkə birinciləri təəssüratlarını bölüşüblər

Dövlət İmtahan Mərkəzinin ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı il aprelin 12-də keçirdiyi buraxılış imtahanının nəticələri elan olunub. Nəticələrə görə, ölkə üzrə 8 nəfər maksimum nəticə göstərib. Onların 7-si Bakı və Abşeron məktəblərinin şagirdləridir.

300 balla ölkə birincilərindən olan daha iki şagird imtahan təəssüratlarını bölüşüblər.

300 ballıq maksimum nəticə ilə ölkə birincilərindən olan Abşeron rayonu, Xırdalan şəhər 9 saylı tam orta məktəbin şagirdi Novruzlu Südabə Ramin qızı bildirib ki, maksimum nəticə göstərmək əsas hədəfi olub:

"İmtahan nəticələri açıqlananda evdə deyildim. Valideynim mənə zəng edərək xəbəri verdi. Həm təəccübləndim, həm də qürurlandım. Əslində maksimum nəticə göstərəcəyimə inanırdım. Çünki ilboyu çox çalışmışdım və 300 bal toplamaq əsas hədəfim idi. İmtahan sualları mənim üçün kifayət qədər rahat idi. Xüsusilə ingilis dili və riyaziyyat fənləri mənə asan gəldi. Azərbaycan dili fənnində bəzi çaşdırıcı suallar olsa da, onların hamısının öhdəsindən gələ bildim".

O, təhsil almaq istədiyi sahəni də açıqlayıb:

"Gələcəkdə Azərbaycan Tibb Universitetinin tibb fakültəsində təhsil almaq istəyirəm. Daha sonra isə təhsilimi xaricdə davam etdirmək arzum var. İmtahana hazırlaşan şagirdlərə tövsiyəm odur ki, özlərinə inansınlar, təkrara vaxt ayırsınlar və dərslərlə ciddi məşğul olsunlar. Əsas məsələ qarşıya məqsəd qoymaq və həmin məqsədə çatmaq üçün davamlı çalışmaqdır."

300 balla ölkə birincilərindən olan Akademik Z.Əliyeva adına liseyin şagirdi Ağamalı Elmir isə bildirib ki, bu nəticəni həm də məktəbinə və müəllimlərinə borcludur:

"İmtahan nəticəsini iş nömrəsi vasitəsilə öyrəndik. Anam riyaziyyat müəlliməsidir. O uşaq vaxtdan mənimlə xüsusi məşğul olub, dərslərimdə kömək edib. Məktəb müəllimlərim də güclü və peşəkar olublar. Mənim riyaziyyata marağım böyük idi, bu marağın yaranmasında anamın da böyük rolu olub. O, daim riyaziyyata marağımın və inkişafının üzərində çalışıb. 300 ballıq nəticəni isə gözləyirdik. Nəticə açıqlananda isə çox böyük sevinc yaşadıq. İmtahandan çıxanda sualların çətin olmadığını demişdim.Bütün tapşırıqları yazmışdım.

Elmir gələcəkdə tibb sahəsində təhsilini davam etdirmək istədiyini də bildirib:

"Birinci sinifdən bu günə qədər bütün fənləri eyni səviyyədə yaxşı oxumuşam. Yeddinci sinfə qədər 245 saylı məktəbdə təhsil almışam. Artıq 9 ildir ki, əlaçıyam. Belə yüksək nəticə göstərməyimdə Zərifə Əliyeva adına liseyin də, ondan əvvəl təhsil aldığım məktəbin də çox böyük payı var. Təhsil aldığım hər iki məktəb yaxşı bir şagird kimi yetişməyimdə böyük rol oynayıb. Liseydə tədris prosesi həqiqətən möhtəşəmdir", - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31