“Milli-mənəvi dəyərlərlə çağdaş dövlət modelinin uzlaşdırılması Heydər Əliyev siyasi məktəbinə xas özəllikdir” – ÖZƏL

"Heydər Əliyev adı çağdaş Azərbaycanın siyasi özkeçmişi ilə ayrılmaz şəkildə bağlıdır. O, müəyyən dönəmin lideri olmaqdan daha üstün məziyyətlərə sahibdir. Dövlətin çox ciddi problemlərlə üz-üzə qal qaldığı taleyüklü məqamda məhz Heydər Əliyev milli iradəni toparlayan, dövlətçilik refleksini yenidən hərəkətə gətirən siyasi iradənin simvoluna çevrilmişdi".

Bu fikirləri Olaylar.az-a açıqlamasında araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı deyib. Türkoloq bildirib ki, Heydər Əliyevin siyasi irsinin bu gün Azərbaycan çağdaş dövlətçiliyinə təsirini qiymətləndirərkən, ilk növbədə, onun "dövlət" anlayışını inzibati mexanizm olmaqdan irəli - milli taleyin və milli təhlükəsizliyin əsas dayağı kimi təqdim etməsini xüsusi vurğulamaq lazımdır. XX yüzilin 90-cı illərinin əvvəllərində xaos, parçalanma və siyasi qeyri-müəyyənlik yaşayan ölkə üçün sabitliyin sadəcə idarəetmə məsələsi olmadığı bəllidir. Söhbət, müstəqilliyini yenicə bərpa etmiş bir dövlətin taleyindən gedirdi. Heydər Əliyev məhz bu tarixi məqamda dövlətçiliyi emosional şüardan strateji sistemə çevirdi. İndi Azərbaycan beynəlxalq münasibətlər sistemində öz sözünü deyən, regional təşəbbüslər irəli sürən, enerji, daşımalar və təhlükəsizlik xəritəsində önəmli aktora çevrilən bir dövlətdir. Bax bu şan-şöhrət həmin siyasi kursun uzunmüddətli nəticələrindəndir. Dövlət idarəçiliyində peşəkarlıq, milli çıxarların üstünlüyü, balanslı xarici siyasət, milli-mənəvi dəyərlərlə çağdaş dövlət modelinin uzlaşdırılması - bütün bunlar Heydər Əliyev siyasi məktəbinin əsas yönləri kimi bu gün də yaşayır, inkişaf edir.

Türkoloq qeyd edib ki, ümummilli liderin idarəçilik modelini digər siyasi liderlərdən fərqləndirən əsas cəhətlərdən biri onun uzaqgörənliyi, başqa sözlə, zamanı qabaqlamaq bacarığı idi. O, hadisələri gələcək dövlət çıxarları prizmasından dəyərləndirirdi. Yəni onun ölçü-ülgüsü, meyarı cari siyasi mənzərə ilə bağlı deyildi . Bir çox liderlər hakimiyyəti idarə edir, Heydər Əliyev isə sistemi formalaşdırırdı. O, kadr siyasətindən diplomatiyaya, iqtisadiyyatdan ideoloji təhlükəsizliyə qədər bütün sahələrdə dövlətin uzunömürlülüyünü, dayanıqlığını düşünən rəhbər modeli ortaya qoymuşdu. Digər önəmli xüsusiyyət isə Heydər Əliyevin milli kimlik məsələsinə münasibətində görünürdü.  Güclü dövlət yalnız iqtisadi göstəricilər üzərində qurulmur; milli yaddaşı, dili, mədəniyyəti, tarix şüuru qorunmayan toplumun siyasi dirənişi də zəifləyir. Heydər Əliyev bunu çox yaxşı bilirdi. Onun siyasətində azərbaycançılıq ideologiyası dövlət təhlükəsizliyinin mənəvi sütunu kimi təqdim olunurdu. Qalib Azərbaycanın əldə etdiyi uğurları, özəlliklə də suverenliyin tam bərpası yönündə yaşanan tarixi mərhələləri dəyərləndirərkən, Heydər Əliyevin müəyyən etdiyi strateji dövlətçilik xəttinin davamlılığını aydın şəkildə görmək mümkündür. Zaman dəyişir, çağırışlar yenilənir, ancaq dövlətlərin tarixində elə liderlər, şəxsiyyətlər olur, onların qoyduğu təməl bütövlükdə gələcəyin yolunu-yönünü müəyyənləşdirir. Heydər Əliyev də məhz belə tarixi şəxsiyyətlərdən idi.

Ümummilli liderimizin ruhu şad, 
dövlətimizin bayrağı uca olsun!

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31