"Əhməd Obalıya edilən hücum onu göstərir ki, İran anti-rejim hərəkatından narahatdır"- ÖZƏL
25 May 2023 15:47 Siyasət"İran hazırda bir neçə ölkədə proksi-müharibə aparır. Bu müharibədə həmin ölkələrdə İranla bağlı olan müxtəlif şəxslər, qruplar fəal iştirak edirlər. Onların əli ilə proksi-müharibə həyata keçirilir. Təəssüf ki, bu şəxslərin fəallığı Azərbaycan üçün də bir sıra təhdidlər törədir. Ancaq, Azərbaycanın xüsusi xidmət orqanları çevik fəaliyyət göstərərək, effektiv şəkildə problemlərin qarşısını alır. Gələcəkdə də işlər bu cür davam edəcək.
Proksi-müharibə dövlət səviyyəsində terrorizmə dəstək deməkdir. İranla bağlantılı bu müharibə üçün çalışan şəxslər terrorçu hesab edilir. Beləliklə, bu cür insanlara dəstək, terrora dəstək deməkdir".
İranın siyasət prinsiplərini şərh edən politoloq İlqar Vəlizadə eyni zamanda İranda həyata keçirilən edamlardan, Əhməd Obalıya qarşı edilən terror hücumundan da danışıb:
"Azərbaycan İranın xarici siyasətində böyük yer tutur. Əhalimizin böyük əksəriyyətini şiələr təşkil edir. İrandakı hakim dairələr düşünür ki, onlara təsirinin artması İranın Azərbaycana təsirinin artması deməkdir. İranın xarici doktrinasında bu önəmli yerə sahibdir. Həmin fəalların əli ilə Azərbaycanda İran tipli dövlət yaratmağa çalışırlar. Belə cəhdlər İraqla və başqa ölkələrlə də bağlı olub. Azərbaycanın öz gücünə arxayın olması və həmin planların cəmiyyət tərəfindən rədd edilməsi planların reallığa çevrilməsinə imkan vermir.
İran öz vətəndaşlarını qorxu ilə əldə saxlamaq üçün edamlara davam edir. Bu edamlar cəmiyyəti nümayişlərə qarşı olan olan fikrindən yayındırmaq məqsədi güdür. Bu kimi cəhdlər uğursuzdu. Çünki, nümayişlər səngiməyəcək. Keçən ilin payız aylarına nisbətən etirazlar səngiyib. Ancaq, o demək deyil ki, insanlar etiraz etməkdən daşınıb. Ən xırda qığılcımda etirazlar yenidən baş qaldıracaq.
Əhməd Obalıya edilən hücum onu göstərir ki, İran anti-rejim hərəkatından narahatdır. Fəallar ciddi təsirə sahib insanlar olduğu üçün, rejim ciddi mənada belə insanlardan qorxur. Təəssüf ki, İran hələ də bu cür addımlarla kimisə susdura biləcəyini düşünür.
Azərbaycanda isə Güneyi təbliğ edən kifayət qədər mətbuat orqanı yoxdur. Səbəbləri isə müxtəlifdir. Biz əvvəla tariximizi bilməliyik. Bizim tariximiz vahid Azərbaycanla bağlıdır. Bu sahədə çoxlu işlər görülməlidir ki, boşluq aradan qaldırılsın".