Separatçıların "kitab"ı artıq bağlanıb

"Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya liderlərinin növbəti görüşü ərəfəsində Araiklərin, Ruben Vardanyanların rəhbərliyi ilə erməni separatçılarının Xankəndidə kütləvi mitinq təşkil etmək təşəbbüsü əslində Azərbaycana qarşı yox, Qarabağ və "anklavlar" da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduqlarını səsləndirən Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı nəzərdə tutulub". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov səsləndirib. Onun sözlərinə görə, Paşinyanın sözügedən bəyanatı separatçılarda böyük hiddət və qəzəb doğurub:

"Onların mitinq keçirmək təşəbbüsü də bundan qaynaqlanır. Məhz bu yolla Qarabağdakı separatçılar Moskvadakı görüşdən öncə Paşinyana psixoloji təzyiq göstərə biləcəklərini düşünüblər. Lakin separatçıların nə düşünməklərinin artıq heç bir əhəmiyyəti yoxdur. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq".

Əlisahib Hüseynov ehtimal edir ki, bu gün Moskvada baş tutan üçtərəfli görüşdə ərazi bütövlüyünün tanınması ilə bağlı protokol imzalanacaq:

"Odur ki, separatçılar elə indidən öz başlarına çarə qılsınlar. Çünki hər iki ölkənin ərazi bütövlüyü tanındıqdan sonra, Bakı artıq Xankəndidəki separatçılarla məşğul olmağa başlayacaq. Başqa sözlə desək, separatçıların "kitab"ı artıq bağlanıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31