"Seçkilər diktatura yalanını iflas etdirdi"- ÖZƏL
25 May 2023 14:45 Siyasət"Əvvəla, Türkiyədəki seçkilər uzun müddətdir Türkiyə dövləti haqqında formalaşdırılmağa çalışılan "diktatura" yalanının iflasıdır. Çünki seçkilərdən sonra heç bir tərəf, hətta xarici müşahidəçilərdə belə bu ölkədə seçkiyə müdaxilə, qayda pozuntuları ilə bağlı fikirlər görə bilmədik. Xırda narazılıqlar var idi ki, bu da seçki saxtakarlığı iddialarına keçid vermədi.
Amma diktator rejimlərdə seçki sistemləri formallıq üçün var
O ki qaldı 28 mayda keçiriləcək ikinci mərhələnin necə nəticələnəcəyinə, düşünürəm ki, birinci mərhələnin nəticələri ikinci mərhələnin sonunu dəyərləndirmək üçün müəyyən fikirlər verir".
Bu sözləri Olaylar.az-a siyasi məsələlər üzrə ekspert Həşim Səhrablı deyib:
"Hazırkı prezident Rəcəb Tayyip Ərdoğanın namizədi olduğu "Cümhur İttifaqı" parlamentdə üstünlük qazanıb. Ərdoğan özü də prezident seçkilərini lider kimi tamamlayıb. Digər namizəd, "Millət İttifaqı"nın nümayəndəsi Kamal Kılıçdaroğlu da az səs toplamayıb. Əslində iki namizədin arasında cəmi 4-5 faizlik fərq var. Bu fərq dəyişə də bilər, ya da elə bu şəkildə öndə olan tərəfin qalibiyyəti ilə də yekunlaşa bilər.
Bu, iki tərəfin də sonrakı addımlarından asılıdır ki, sonrakı addımlar da təxmini eyni balansda davam etdi. Misal üçün, "ATA İttifaqı" dağıldı, onun namizədi Sinan Oğan Ərdoğana, ittifaqın əsas partiyası - Zafer partiyasının lideri Ümid Özdağ isə Kılıçdaroğluna dəstək verdi.
Yəni "ATA İttifaqı"nın səsləri də ikiyə parçalanmış, tərəflərə bərabər paylanmış vəziyyətdədir. Əgər hər şey belə davam edərsə, ikinci turdan qalib ayrılan tərəfin Rəcəb Tayyib Ərdoğan olacağını söyləmək mümkündür.
Amma bu dəfəki seçkilərin əsas qazananı isə, türk milliyətçiləri oldu desək yanılmarıq. Hər iki blokda təmsil olunan milliyətçilər, xüsusilə "ATA İttifaqı"nın tələbləri ilə blokların siyasi istiqamətinə yön verə bilmiş, milli dövlətçilik baxımından prinsipial olan bir sıra məsələləri iqtidara daşımağa nail olmuşdur.
Beləcə, kimin seçilməyindən asılı olmayaraq, Türkiyə dövlətinin gələcəyi qarantiya edilmiş və hazırda Ərdoğan iqtidarı ilə başlayan uzun və şanlı yol davam edəcəkdir".