Türkiyədə prezident seçkiləri bizim üçün nə qədər önəmlidir?- ÖZƏL

"Türkiyədə keçirilən prezident və parlament seçkiləri göstərdi ki, Türkiyə təkcə türk, İslam dünyasının deyil, dünyanın demokratik dövlət nümunəsidir. Biri var sözdə demokratiya, biri də var əməldə. Ərdoğan bir daha Türkiyəni dünyaya çox müsbət səviyyədə təqdim etdi. Həm parlament, həm də prezident seçkilərində hansısa saxtakarlığa yol verilmədi. Doğrudur, ATƏT yenə də öz ampluasındadır. Onlar heç bir halda qəbul edə bilmədi. Türkiyənin siyasi olaraq qarışmasını, zəifləməsini, Türkiyənin  yenidən dünyaya qeyri-demokratik dövlət kimi tanınmasını istədilər. Planları boşa çıxdı. Ərdoğanla birlikdə digər namizədlər də seçkilərin demokratik keçirildiyini etiraf etdilər. Ona görə də seçkilərin ümumi dəyəri müsbətdir. Seçkilərin ikinci tura qalması müəyyən cəbhələşmə yaratdı. Bu, siyasi cəbhələşmədir. Türkiyənin 600 illik imperiya, 100 illik cümhuriyyət tarixi var.  Son 700 illik dövlətçilik təcrübəsi olan dövlət ciddi səhvlərə yol verməyəcək. Ciddi fikir ayrılığı ola bilər. Ancaq, bütün hallarda türk xalqı Türkiyə üçün bir araya gəlmək qabiliyyətinə sahibdir". 

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:

"Azərbaycan üçün Türkiyədə keçirilən seçkilər ona görə vacibdir ki, Türkiyə Türk Dövlətləri Təşkilatının lideridir. Türk dövlətlərinin bir-biri ilə əlaqələrinin sıxlaşdırılması (adı "Turan" və ya qeyri bir şey olsun) -bu ideya Ərdoğan tərəfindən həyata keçirilə bilərdi. Kılıçdaroğlu özü də sübut etdi ki, həqiqətən, bu layihəni istəmir. Ərdoğan seçilməsə belə onun üçün layihə xəyal ola bilərdi. Layihə real layihədir. Azərbaycan üçün də buna görə önəmlidir. Eyni zamanda 2020-ci il İkinci Qarabağ müharibəsində Türkiyə dövlət başçısı Ərdoğan və onun komandası ilk dəqiqədən sona qədər Azərbaycanın yanında oldu. Onlar, Azərbaycan Prezidentini həm mənəvi, həm də ideoloji olaraq dəstəklədilər. Şəhidlərimizin qanı bahasına geri aldığımız torpaqlarda  Türkiyənin ideoloji, silah dəstəyi var idi. Pul ilə alsaq da, çox müasir silahlarla təmin olunduq.  Azərbaycan 200 ildən çox davam edən məğlubiyyət tarixini bu zəfərlə tamamladı. 1994, 2016, 2018-ci illərdə kiçikçaplı qələbələrimiz olmuşdu. Ancaq, son 200 ildə belə böyük qələbə əldə etməmişdik. Bütün bunların fonunda Azərbaycanın qazandığı qələbədə Türkiyənin də payı var.
Türkiyə müasir bazar iqtisadiyyatı inkişaf edən bir dövlətdir. Özünün bazar modeli var. Azərbaycan keçid dövrünü başa vurmağa hazırlaşan, özünün daimi, davamlı inkişaf strategiyasını seçən dövlətdir. Azərbaycan milli iqtisadiyyatının müasir inkişaf modellərinə nəzər salsaq, burada ən çox Türkiyənin dəst-xətti görünür. Azərbaycan üçün əhəmiyyətli olan "Böyük Qayıdış" və.s kimi layihələrdə türk şirkətləri digər dövlətlərlə müqayisədə daha çox fəaliyyət göstərirlər. Azərbaycanla Türkiyə münasibətləri artıq qardaşlıq səviyyəsini də keçib. Dünyanın heç bir yerində bunun analoqu yoxdur. Hətta, ərəb dünyasında 22 dövlət var. Onlar arasında münasibət Azərbaycanla Türkiyə səviyyəsində olmalıdır. Ancaq, deyil. Azərbaycanla Türkiyənin birgə fəaliyyəti ilə Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Macarıstanla əməkdaşlıq aparılır. Azərbaycanın xarici əlaqələri böyüyür. Türkiyə vasitəsi ilə Azərbaycan bir çox layihələrə imza atır. Ona görə seçkilərin bizim üçün böyük əhəmiyyəti var. Türkiyə parlamentində cumhur ittifaqının səs çoxluğunun olması qanunvericilik sahəsində Azərbaycanla Türkiyə arasında münasibətlərin daha da sıxlaşmasına səbəb olacaq. İqtisadi, hərbi sahədə gərginliyimiz olmayacaq. Ancaq , bir faktı da qeyd etməliyəm. Azərbaycanda və İranda olan Türkiyə vətəndaşları daha çox Kılıçdaroğluna səs veriblər. Azərbaycan üçün bu siqnal olmalıdır. Araşdırma aparılmalıdır ki, orada dövlətlərarası siyasətə qəsd etmək istəyənlərin kim olduqları ortaya çıxsın. Bütün hallarda bizim münasibətləri poza bilməyəcəklər. Ərdoğan 60% civarında səs yığacaq. Bu, Türkiyə tarixində ən önəmli seçim olacaq. Türkiyə tamamilə dünya gücləri arasında yer alacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31