Avropa İttifaqının Cənubi Qafqazda geosiyasi maraqları getdikcə böyüyür - ÖZƏL
25 May 2023 11:02 Siyasət"Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Nəql edilən, yəni, ixrac edilən qazın həcmi ildən-ilə artır və artacaq. Avropa İttifaqının Cənubi Qafqazda olan geosiyasi maraqları getdikcə böyüyür". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, bu gün Aİ ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması məsələsi bu maraqları daha konkret formalarda ortaya qoyur: "Məhz elə bu maraqların da təmin olunması naminə Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış bu yeni reallığa əsaslanır. Yeni reallıq isə, ilk növbədə, möhkəm və davamlı regional sülhün bərqərar olunmasına əməli töhfələr verə biləcək yeni, işlək formatın yaradılmasını tələb edir. Belə bir format da məhz Prezident İlham Əliyevin son iki ildə keçirdiyi görüşlərin və apardığı danışıqların nəticəsi olaraq yaranıb. Bu gün Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunması Avropa İttifaqının qarşısında duran ən vacib məsələlərdən biridir".