Azərbaycan və Litva prezidentləri arasında əldə edilmiş razılaşmalar öz müsbət təsirini göstərir - ÖZƏL

"Azərbaycan və Litva uzun illərdir ki, strateji tərəfdaşdırlar. Bu baxımdan ölkələrimiz arasında imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə bu əməkdaşlığın mahiyyətini əks etdirir. Bu gün Azərbaycan və Litva arasında güclü siyasi əlaqələr, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoq mövcuddur. Keçən il Litva Prezidenti Q. Nausedanın Azərbaycana rəsmi səfəri, bu il isə Azərbaycan Prezidenti İlham Əliyevin Litvaya rəsmi, eləcə də cari ilin əvvəlində iki ölkənin dövlət başçılarının Davosda baş tutmuş görüşü onu göstərir ki, ölkə rəhbərləri arasında fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə tamamlanır". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Kamaləddin Qafarovun sözlərinə görə, Azərbaycan və Litva Prezidentləri arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar təbii ki, bütün digər sahələrə də öz müsbət təsirini göstərir: "Bu gün həm Azərbaycanın, həm də Litvanın iş adamları iki ölkə arasında biznes əlaqələrinin inkişafında son dərəcə maraqlıdırlar. Bu baxımdan ötən il mayın 18-də Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmiş Azərbaycan-Litva biznes forumu iki ölkə arasında biznes mühiti, sərmayə imkanları barədə məlumatların mübadiləsi xüsusunda və əlbəttə ki, işgüzar əlaqələrin qurulması üçün yaxşı fürsət oldu. Heç şübhəsiz , Vilnüsdə keçirilən biznes forum da gələcək illərdə iqtisadiyyat və ticarət sahələrində əlaqələrin inkişafı istiqamətdə görülən tədbirlərə mühüm töhfə olacaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31