Azərbaycan Avropanın enerji təhlükəsizliyi məsələsində mühüm rol oynayır

Litva Respublikası Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. İki ölkə arasında diplomatik münasibətlər 1995-ci ilin noyabr ayının 27-də qurulub və bu münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələr arasında çox fəal siyasi dialoq aparılır və bu dialoq konkret nəticələrlə də tamamlanır. Siyasi müstəvidə əldə edilmiş razılaşmalar bütün digər sahələrə də öz müsbət təsirini göstərir. Hər iki ölkə başçılarının qarşılıqlı səfərləri isə siyasi, iqtisadi və humanitar sahədə əməkdaşlıön genişlənməsinə şərait yaradır. Elə prezident İlham Əliyevin Litva Respurlikasına səfəri zamanı da bunun şahidi olduq. Milli Məclisin deputatı Məşhur Məmmədov hesab edir ki, Azərbaycan ilə Litva arasında ikitərəfli münasibətlər hazırda dinamik inkişaf etməkdədir. Hər iki ölkə əlaqələrin inkişafında maraqlı olduqlarını nümayiş etdirirlər. Son illərdə iki dövlət arasında siyasi, iqtisadi və mədəni sahələrdə əlaqələr uğurla inkişaf edir və nəzərə çarpacaq dərəcədə fəallaşır: "İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahəsində əməkdaşlıq mövcuddur. Azərbaycan Respublikası və Litva Respublikası arasında dostluq əlaqələrinin inkişafında iki ölkənin təhsil sahəsində əməkdaşlığı xüsusi yer tutur. Azərbaycan və Litvanın öndə gedən ali təhsil və elm müəssisələri arasında birbaşa əlaqələr yaradılıb. Prezident İlham Əliyevin cari ilin 22 may tarixində Litvada rəsmi səfərindən sonra əməkdaşlığın genişləndirilməsi üçün önəmli addımlar atılacaq. Gələcək illərdə iqtisadiyyat, ticarət sahələrində də siyasi səviyyədə olduğu kimi işlər sürətlə gedəcək. Cənab Prezidentin Litvada rəsmi səfəri zamanı mətbuata verdiyi bəyanatda dediyi kimi, biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılmasına gətirib çıxaracaq. Hər iki tərəfdən buna çox böyük maraq var. Keçən ilin may ayında Prezident Nausedanın Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilmişdir. Litva ilə ikitərəfli əməkdaşlıq eyni zamanda, Avropa İttifaqı-Azərbaycan çərçivəsində də önəmli rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. Statistika göstərir ki, ixrac edilən qazın həcmi ildən-ilə artır. Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir. İki ölkə arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür. Birgə iqtisadi komissiyanın oynadığı rol biznes dairələrinin səylərini əlaqələndirməkdən, potensial əməkdaşlıq üçün mühüm imkanları dəyərləndirməkdən və tərəfdaşlıq üçün çərçivənin yaradılmasından ibarətdir. Bərpaolunan enerji sahəsinə yatırımlar baxımından eyni istiqamətdə gedirik. Hər iki ölkədə - Baltik və Xəzər dənizlərində çox böyük külək enerjisi potensialı var. Vilnüsdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Litva Respublikasının Prezidenti Gitanas Nausedanın iştirakı imzalanmış əməkdaşlıq sənədləri - Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Litva Respublikasının Ətraf Mühit Nazirliyi arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş, "Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Litva Respublikasının Sosial Təhlükəsizlik və Əmək Nazirliyi arasında gənclər siyasəti sahəsində əməkdaşlıq haqqında Saziş", Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Litva Respublikasının Baş Prokurorluğu arasında 2024-2025-ci illər üçün Əməkdaşlıq Proqramı" - deməyə əsas verir ki, perspektivli əməkdaşlıq istiqaməti yüksələn xətlə daha da inkişaf edəcək".

Millət vəkili Sevinc Hüseynova qeyd edib ki, Prezident İlham Əliyevin Litvaya rəsmi səfəri, keçirilən görüşlər, verilən bəyanatlar mühüm əhəmiyyət kəsb edir: "Sözsüz ki, Azərbaycan-Litva münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında çox fəal siyasi dialoq mövcuddur. Eyni zamanda ölkələrimiz arasında siyasi müstəvidə əldə edilmiş razılaşmalar digər sahələrə də öz müsbət təsirini göstərir. Ölkə başçısının bu səfəri də əməkdaşlığın genişləndirilməsi baxımından önəmlidir. Hər iki ölkə arasında müxtəlif sahələr üzrə o cümlədən iqtisadiyyat, ticarət və siyasi səviyyədə münasibətlər inkişaf edir. Bununla yanaşı biznes qurumlarının birgə fəaliyyəti ticarət dövriyyəsinin artırılması da qarşıdakı hədəflər sırasındadır. Hər iki tərəf bu məsələlərin inkişafında maraqlıdır. Litva prezidenti Gitanas Nausedanın keçən ilin may ayında Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Litva-Azərbaycan biznes forumu keçirilməsi bu istiqamətdə əlaqələrin daha da genişlənməsindən xəbər verir". Deputat həmçinin Prezidenti İlham Əliyevin Litvaya rəsmi səfəri zamanı mətbuatda verilən birgə bəyanatda bir sıra məqamlara toxunub: "Dövlətimizin başçısı Azərbaycan torpaqlarının uzun illər ərzində - 30 ilə yaxın Ermənistanın işğalı altında qaldığını bildirib. Bir milyon azərbaycanlının bu işğal nəticəsində öz doğma torpaqlarından didərgin düşdüyü qeyd edilib. İşğal dövründə ərazilərdə bütün infrastruktur, binalar, o cümlədən tarixi abidələrin işğalçılar tərəfindən dağıdılıb, məhv edildiyini vurğulanıb. II Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün tarixi torpaqlarını azad edib. Müharibədən sonra isə Azərbaycan Ermənistana sülh təklif edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq təsbit edilmiş sülh konsepsiyası nəticə etibarilə Cənubi Qafqaza uzunmüddətli sabitlik gətirəcəyi birmənalıdır". Millət vəkili Azərbaycan-Litva münasibətlərinin ikitərəfli əməkdaşlıqla yanaşı Avropa İttifaqı ilə ölkəmiz arasında əlaqələrin inkişafında rolundan bəhs edib: "Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan təbii qazının Avropa bazarlarına nəql edilməsi ilə bağlı çox ciddi addımlar atılır. İxrac edilən qazın həcmi ildən-ilə artırılır. Bununla yanaşı perspektivli əməkdaşlıq istiqaməti sahəsində də ciddi hədəflər mövcuddur. Bu mənada Litvada və Azərbaycanda bərpaolunan enerji növlərinin yaradılması ilə də bağlı olan işlər paralel şəkildə aparılır. Həm Litvada, həm Azərbaycanda bu sahəyə çox böyük diqqət göstərilir". Sevinc Hüseynova ötən ilin iyulunda Avropa Komissiyası və Azərbaycan arasında Enerji sahəsində Strateji Tərəfdaşlıqla bağlı Anlaşma Memorandumunu imzalanmasına diqqət çəkib: "Məhz bu razılaşma əsasında 2027-ci ilə qədər Avropaya təbii qaz təchizatının iki dəfə artırılması planlaşdırılır. Sözsüz ki, Avropanın etibarlı təchizatçısı kimi Azərbaycan bu gün neft, təbii qaz və elektrik enerjisi ixrac edir. Ölkəmiz hidrogeni, o cümlədən yaşıl hidrogeni ixrac etməyi planlaşdırır. Logistika, şəbəkələr və daşımalar sahəsində də böyük əməkdaşlıq potensialı var. Bütün bunlar onu deməyə əsas verir ki, Avropanın enerji xəritəsi Azərbaycanın təşəbbüsləri sayəsində kəskin şəkildə dəyişib".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31