Moskva görüşündən yüksək nəticələr gözləmək sadəlövhlük olar - ÖZƏL
24 May 2023 14:47 Siyasət"Vaşinqton və Brüssel danışıqlarının ardından digər vasitəçi tərəf, əslində isə tarixi reallıqları göz önünə gətirdikdə Azərbaycan və Ermənistan arasında mövcud münaqişənin memarı kimi Rusiya, xarici işlər nazirlərinin görüşünün ardından prosesin davamı kimi paytaxt Moskvada, eyni adla liderlərin növbəti görüşünün keçirilməsini planlayır. Təbii ki, görüşün əsas müzakirə mövzuları bəllidir və hər kəs müsbət istiqamətdə irəliləyişin olmasına ümid edir. Lakin Rusiyanın vasitəçilik mövqeyini şərh edərkən ilk öncə bu ölkənin regional maraqlarına diqqət etməkdə fayda var".
Bu fikirləri "OLAYLAR"-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin fikrincə, rəsmi Moskvanın fəallıq göstərməsinin ardında tərəflər arasında nəinki sülh, əksinə ənənəvi vasitəçilik missiyasını qoruyub saxlamaq dayanır və Kreml rəhbərliyi iki ilə bitəcək sülhməramlı missiyanın vaxtını uzatmaq üçün çalışır: "Əgər həqiqətən də Rusiya Azərbaycan-Ermənistan arasında münaqişənin bitməsində maraqlı olsaydı Qərbin vasitəçilik missiyasını səmimi qarşılıyardı və Qarabağda vəziyyəti gərginləşdirməyə çalışmazdı. Hesab edirəm ki, keçirilməsi planlaşdırılan görüşdən yüksək nəticələr gözləmək sadəlövhlük olar və məlum görüş, bundan öncə keçirilmiş və hər hansı ciddi nəticənin əldə olunmadığı Soçi və Moskva görüşlərinin anoloji davamı kimi xarakterizə olunmalıdır".
AVP rəsmisi deyib ki, rəsmi Bakının İrəvan rəhbərliyindən israrla tələb etdiyi məsələlərdən biri də Zəngəzur koridorunun açılmasıdır: "Rusiya üçünsə bu mövzu prioritet hesab olunmur və Moskva Orta Dəhlizə alternativ "Şimal- Cənub" beynəlxalq nəqliyyat dəhlizinin canlandırılması üçün çalışır. Ən son olaraq isə prezident Vladimir Putin bu istiqamətdə Azərbaycan və İranla əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğuladı".