Ermənistan öz maraqlarının təmin edilməsinə qədər oyunu davam etdirir

"ABŞ Azərbaycan və Ermənistana ən mübahisəli məsələlərin həlli ilə bağlı təkliflər verib. Vaşinqtonun yanaşmasını Bakının maraqları fonunda mənfi və müsbət olaraq dəyərləndirmək olar". "Olaylar" xəbər verir ki, bunu deyən siyasu şərhçi Asif Nərimanlının sözlərinə görə, bunlardan birincisi, sərhədlə bağlıdır: "ABŞ qoşunların sərhəddən qarşılıqlı olaraq geri çəkilməsini təklif edir; İrəvanın istədiyi "güzgü prinsipi"nə uyğun olan belə bir addım Azərbaycan ordusunun müharibədən sonra çıxdığı dövlət sərhədindən geri çəkilməsi deməkdir və Bakının gündəliyinə uyğun deyil;

İkincisi, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsidir: bu, Bakının gündəliyinə uyğundur və ABŞ-ın bundan "etnik ermənilər" deyə bəhs etməsi onların hüquqlarının Azərbaycan vətəndaşlığı altında qorunmasının nəzərdə tutulduğu deməkdir; hərçənd, Vaşinqtonun ermənilərin hüquq və təhlükəsizliyinin qorunmasında təklifinin konkret nədən ibarət olduğu açıqlanmır, istisna deyil ki, söhbət  "beynəlxalq mexanizm"in yaradılmasından gedir; Azərbaycan beynəlxalq ictimaiyyət qarşısında belə bir öhdəlik götürür, amma bunun indi - separatçıların Qarabağda olduğu müddətdə gündəmə gəlməsi maraqlarımıza uyğun deyil, digər tərəfdən, rus sülhməramlılarının bölgədə olduğu halda təklif olunan "beynəlxalq mexanizm"də Moskvanın iştirak edib-etməməsinin sual altında olması da razılaşmaların praktiki mərhələdə icrası imkanlarını azaldır.

Bu iki məsələ tərəflər arasında mübahisəli olaraq qalır və danışıqlar prosesi göstərir ki, Ermənistan öz maraqlarının təmin edilməsi baxımından daha uyğun şərtlərin yetişməsinə qədər oyunu davam etdirir. Bu isə sülh sazişinin imzalanacağı gözləntisini azaldır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31