Heydər Əliyev Azərbaycanda davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi - ÖZƏL
24 May 2023 10:42 Siyasət"Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Anar Məmmədovun sözlrinə görə, çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi: "Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Məhz 1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra müstəqilliyimiz qorunmağa başladı. Ölkədə ictimai-siyasi sabitlik hökm sürməyə başladı, iqtisadi inkişafımızın təməli qoyuldu. Ümummilli lider Heydər Əliyev eyni zamanda hakimiyyətə gəldikdən sonra məhz 28 may 1918-ci ildə Azərbaycanın müstəqilliyini elan etmiş azərbaycanlıların adlarının əbədiləşdirilməsi, o tarixi anlara abidənin ucaldılması, İlham Əliyevin İstiqlaliyyət küçəsində abidənin açılış mərasimində iştirak etməsi - bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin məhz tarixi köklərimizə nə qədər böyük önəm verdiyini bir daha göstərir".