Azərbaycan-Litva münasibətlərin parlament ölçüsü də diqqətçəkəndir - ÖZƏL
24 May 2023 10:37 Siyasət"Azərbaycan və Litva arasındakı qarşılıqlı əlaqələr tarixi köklərə malikdir". "Olaylar" xəbər verir ki, bunu deyən Milli Məclis sədrinin birinci müavini Əli Hüseynlinin sözlərinə görə, hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə Litvanın ölkəmizdə konsulluğu fəaliyyət göstərib: "Litva 1991-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ulu öndər Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkələrimiz arasında diplomatik münasibətlər və strateji tərəfdaşlıq kifayət qədər sürətlə inkişaf etməyə başlamışdır. Bu gün Azərbaycan və Litva strateji tərəfdaşlardır. İki ölkə arasında indiyədək 50-dək sənəd imzalanıb ki, bunların da içərisində 2007-ci ildə Vilnüsdə imzalanmış "Azərbaycan Respublikası Prezidentinin və Litva Respublikası Prezidentinin Tərəfdaşlıq münasibətlərinin inkişafı haqqında Birgə Bəyannamə" xüsusi yer tutur".
Sədr müavini əlavə edib ki, münasibətlərin parlament ölçüsü də diqqətçəkəndir: "Milli Məclisdə Litva ilə parlamentlərarası əlaqələr üzrə işçi qrup, Litva Seymində isə Azərbaycanla parlamentlərarası əlaqələr qrupu fəaliyyət göstərir. Bu platformada yüksək səviyyəli rəsmi təmaslar, səfərlər intensivləşir, mütəmadi görüşlər münasibətlərin inkişafına töhfə verir. Azərbaycan və Litva şəhərləri qardaşlaşıb. Bu xüsusda Şəmkir-Şyaulyay, Qazax-Trakay, Ağstafa-Birştonas və Səbail-Druskininkay qardaş şəhər və rayonlardır".