Xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin xilaskarı oldu - ÖZƏL
24 May 2023 10:31 Siyasət"1991-ci ildə xalqımız öz müstəqilliyini bərpa etdi və həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə istinad olunmuş və Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Cavid Osmanovun sözlərinə görə, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir: "XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu".