Qarşılıqlı əlaqələrin dinamik inkişafının təzahürü - ÖZƏL
24 May 2023 10:18 Siyasət"Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan beynəlxalq müstəvidə əlaqələrini gücləndirməkdə davam edir. Ölkəmiz bu istiqamətdə uğurlu xarici siyasət həyata keçirir. Ötən dövr ərzində dünyanın bir çox dövlətləri ilə münasibətlərin inkişafı yönündə mühüm nəticələr əldə edilib. Azərbaycan-Litva əlaqələrinin inkişafı da bu baxımdan böyük əhəmiyyət kəsb edir".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Gündüz Alıkişiyev prezident İlham Əliyevin Litvaya rəsmi səfərini şərh edərkən səsləndirib. O bildirib ki, mayın 22-də Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə rəsmi səfəri də qarşılıqlı əlaqələrin dinamik inkişafının təzahürüdür:
"Avropa İttifaqının üzvü kimi Litva ilə də ikitərəfli güclü siyasi münasibətləri nəzərə alaraq, demək olar ki, ölkələrimiz uzun illərdir ki, artıq strateji tərəfdaşdırlar. Azərbaycan Prezidentinin bu ölkəyə rəsmi səfəri çərçivəsində aparılan müzakirələr və imzalanan sənədlər qarşılıqlı əlaqələrin inkişafına güclü təkan verəcək".