Moskva görüşündən gözləntilər nələrdir? - ÖZƏL

Yaxın günlərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Moskvada görüş keçirilməsi nəzərdə tutulub. Rusiya prezidentinin vasitəçiliyi ilə baş tutacaq görüşdə tərəflərin sülh müqaviləsinin detalları üzərində müzakirə aparacağı bildirilir.

Bəs, Moskva görüşündən gözləntilər nədir? Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması yaxındadırmı?

"Milli İnkişaf" İctimia Birliyinin sədri, politoloq Arzuman Muradlı "OLAYLAR"-a bildirib ki, keçirilən görüşlər sülh sazişi üzrə danışıqlar prosesini sürətləndirsə, müəyyən mübahisəli məsələlərin aradan qaldırılmasına vəsilə olsa da, lakin qısa müddət ərzində tərəflər arasında sülh müqaviləsinin imzalanması hələlik mümkün görünmür: 

"Bu baxımdan Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşündə də tərəflərin hansısa bir sənədə imza atması inandırıcı deyil. Çünki hər şeydən əvvəl Ermənistan sülh müqaviləsi imzalamağa hazır deyil və onun atdığı addımlar ümumi razılaşmaya, münasibətlərin normallaşmasına qeyri-adekvatdır".

Arzuman Muradlı hesab edir ki, iki ölkənin XİN rəhbərləri və liderləri arasında görüşlərin keçirilməsi məqsədilə artan diplomatik fəallıq təqdirəlayiq olsa da, lakin bütün cəhdlər səmimiyyətdən kənar, problemin həllinə dəstək olmaqdan daha çox, təşəbbüsü ələ almaq və regionda möhkəmlənmək üçün edildiyindən keçirilən görüşlərdən hələlik tam mənada istədiyimiz nəticə əldə edilmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31