Paşinyanın planı nədir? - ÖZƏL
23 May 2023 09:36 Siyasət"Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə açıqlaması əslində Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılmasından daha çox, vəziyyətin gərginləşdirilməsinə xidmət edir. Erməni baş nazir bu açıqlaması ilə ölkəsi daxilində etirazların keçirilməsi və nəticə etibarilə Azərbaycanla sülh müqaviləsinin imzalanmasının daha bir müddət uzanmasına çalışır". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. "OLAYLAR"-ın xəbərinə görə, Analitik Qrupdan daxil olan açıqlamada Nikol Paşinyanın sözügedən fikirlərinin səmimiyyətdən kənar olduğu vurğulanıb və erməni baş nazirin bir növ oyunbazlıq etdiyi ifadə olunub:
"Məlumdur ki, son aylarda Vaşinqton, Brüssel və Moskavada keçirilən görüşlərin nəticəsi olaraq Ermənistanla imzalanacaq sülh müqaviləsinin detalları artıq razılaşdırılıb. Ötən gün bu ölkənin XİN rəhbəri Ararat Mirzoyan da dedi ki, sülh müqaviləsi üzrə iki bənd üzrə tərəflər tam razılığa gəlib. Bu da o deməkdir ki, sülh müqaviləsinin imzalanması qapıdafır. Nikol Paşinyan isə Azərbaycanla sülh müqaviləsinin imzalanmasında maraqlı deyil. Ona görə də erməni cəmiyyətini qızışdıran açıqlamalar verməklə ölkədə gərginlik yaratmağa və bununla da danışıqlar prosesinə yenidən zərbə vurmağa çalışır".