Təxribatlar İrəvanın özü üçün problemlər yaradacaq - ÖZƏL

"Ermənistan regionda vəziyyəti gərginləşdirməyə çalışmaqla münasibətlərin normallaşdırılması təşəbbüslərinə qarşı çıxır. Amma belə təxribatlar rəsmi İrəvanın özü üçün problemlər yaradacaq". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Fətəliyevin sözlərinə görə, Ermənistan müharibədə məğlub olub, ona görə də mövcud reallıqlarla barışmalı, razılaşmalara, o cümlədən beynəlxalq hüquq normalarına və götürdüyü öhdəliklərə əməl etməlidir: "Regionda sülhün təmin olunması üçün təşəbbüslər göstərən Avropa İttifaqı tərəflər arasında tezliklə sülh sazişinin imzalanmasına çalışır. Azərbaycan da bu təşəbbüsləri dəstəkləyir. Amma Fransa, dünyadakı erməni lobbisi prosesi pozmaq üçün  müxtəlif vasitələrdən istifadə edir. Ermənilərin hərbi  təxribatları  belə rəy formalaşdırmağa xidmət edir ki, guya tərəflər arasında sülh sazişi imzalamaq hələ tezdir, tərəflər buna hazır deyil, dövlətləri və xalqları sülhə hazırlamaq lazımdır və s. Yəni müxtəlif bəhanələrlə proses uzadılır. Bunun da bütün məsuliyyəti Ermənistan hakimiyyətinin üzərinə düşür. Əgər Ermənistan təxribatlarından əl çəkməsə, "dəmir yumruq" bundan sonra da öz sözünü deyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31