Missiyada iştirakdan imtina edən azərbaycanlı: seçkinin üzərinə kölgə salınması üçün cəhdlər edilir - ÖZƏL
18 May 2023 15:44 Siyasət"Qardaş ölkədəki bu böyük siyasi proses hər kəsin, o cümlədən də, biz azərbaycanlıların diqqət mərkəzindədir".
Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi və Türkiyədə keçirilən seçkilərin ATƏT müşahidə missiyasının üzvü Azər Həsrət deyib.
"Şəxsən özüm prosesləri ilk gündən yaxından izləyirəm. Yəni, müşahidəçiliyə başlamazdan öncədən ümumi Türkiyə siyasi ovqatını yetərincə yaxından bilirəm, bələdəm. O baxımdan dəyərləndirmək, seçki ilə bağlı fikir bildirmək mənim üçün çətin deyil.
Məsələ burasındadır ki, həqiqətən də mayın 14-də Türkiyə xalqı çox yüksək səviyyədə bir seçki keçirtdi. Yəni, dövlət üzrəinə düşəni etdi, vətəndaşların öz iradələrini azad şəkildə ifadə edə bilməsi üçün şərait yaradıldı. Vətəndaşlar da bunu dəyərləndirərək, azad bir şəkildə seçkilərdə iştirak edib, öz iradələrini ifadə etdilər. Amma təəssüflər olsun ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun ATƏT parlament assambleyası, eyni zamanda, Avropa Şurası parlament assembleyası ilə birlikdə yayımladığı ortaq ilkin dəyərləndirmədə tamamən dəxli olmayan, əsassız fikirlərə rast gəldik. Yəni, qardaş ölkədə keçirilmiş seçkinin üzərinə kölgə salınması üçün cəhdlər edilir. Bu da qəbuledilməzdir. Şəxsən mən özüm müşahidə missiyasının üzvü olaraq buna görə çox narahatlıq hiss etdim. Ona görə də qərara gəldim ki, dəvət edilməyimə və iştirakımı təsdiq etməyimə baxmayaraq, seçkinin təkrar səsverməsində müşahidəçi kimi iştirak etməyim. Yəni, ATƏT növbəti mərhələdə də mənim müşahidəçilyimi istəmişdi, mən də buna razılıq vermişdim. Hətta hazırlıq işlərimiz də görülmüşdü. Sadəcə ilkin açıqlamanı görəndən sonra düşündüm ki, artıq bizim burada iştirakımız deyəsən heç nə ifadə etmir. Çünki onlar və yaxud da ki, onlara tapşırıq verənlər yenə də sonda öz istədikləri kimi qərəzli bir qiymətləndirmə yayımlayacaqlar. Əlbəttə ki, belə bir prosesə şəxsən mən ortaq olmaq istəmirəm. O komandanın içində yer almağım doğru olmazdı. Qardaş Türkiyəyə qarşı bu qərəzi həzm edəcək biri deyiləm və missiyada iştirakdan imtina etmişəm. Amma bir daha əminliyimi bildirmək istəyirəm ki, seçkilər tam şəffaf, rahat və qanun çərçivəsində keçirilmişdir. Əminəm ki, 28 mayda da belə olacaq. Həm dövlət öz üzərinə düşəni yerinə yetirəcək, həm də vətəndaşlar öz iradələrini azad şəkildə ifadə edəcək. Əlbəttə ki, müşahidə dəyərləndirməsi aparanlar da artıq əllərini vicdanlarının üzərinə qoyub, türk xalqının bu azad iradəsinə sayğısızlıq etməməlidirlər. Nə olursa olsun, xeyirlisi qardaş Türkiyə dövləti üçün olsun. Türkiyə dövləti, xalqı qazansın. Mənim şəxsi proqnozum da bundan ibarətdir ki, ikinci turda da Rəcəb Tayyib Ərdoğan böyük hesabla qalib gələcək və növbəti mərhələ üçün qardaş ölkənin prezidenti kimi fəaliyyətinə davam edəcək. Bunu da məhz türk xalqı mümkün edəcək".