Tarixi Şuşa müraciəti: müasir Azərbaycanın memarına yüksək ehtiram və Prezidentin Zəfər mahiyyətli fəaliyyəti

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi Azərbaycanda və onun hüdudlarından kənarda geniş qeyd olunur. May ayının 10-da isə Prezident İlham Əliyev Şuşadan Azərbaycan xalqına tarixi müraciət etdi. Müraciətində dövlət başçısı Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini aydın şəkildə, ardıcıllıqla ifadə etdi. Xalq bu müraciəti bütün dərinliyi və əhatəliliyilə ürəkdən alqışladı. İlham Əliyev müraciətində regional və qlobal əhəmiyyətli məsələlərə də toxundu.

Əvəzsiz Lider: Heydər Əliyev liderliyinin töhfələri

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin keçirilməsi müstəqil dövlətimizin və müdrik xalqımızın Ümummilli Liderə hörmət və ehtiramının nümunəsidir. Bu, tamamilə təbiidir. Çünki Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin banisi və bütövlükdə, Azərbaycan Respublikasının memarıdır. Dahi Öndərin dövlətçiliyimiz, mədəniyyətimiz, ölkəmizin inkişafı və təhlükəsizliyi naminə xidmətləri əvəzolunmazdır.

Prezident İlham Əliyevin Ulu Öndərin yubileyi münasibətilə məhz könül qalamız Şuşadan xalqa müraciət etməsi də bu kontekstdə xüsusi rəmzi məna daşıyır. Onu Azərbaycan Prezidenti İlham Əliyev çox dəqiq və dolğun ifadə edib. Dövlət başçısı Şuşadan bəyan edib: "Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam. Şuşa Zəfərimizin rəmzidir, Şuşa Zəfərimizin tacıdır. Şuşa işğaldan azad olunanda, bax, bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Bildiyiniz kimi, ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır".

İlham Əliyev Zəfərimizin rəmzi, tacı olduğu üçün müraciəti məhz Qarabağın döyünən ürəyi Şuşadan etdiyini ifadə edir. Həm də dövlət başçısı qəhrəman Azərbaycan əsgərlərinin Şuşanın azad olunması ilə bağlı raport verdiyi meydandan xalqa müraciət edib. Burada dərin rəmzi mənalar vardır. Onları İlham Əliyev müraciətinin sonrakı hissələrində ifadə edib. Prezident ilk olaraq "Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsizdir" fikrini səsləndirib. Bu, Azərbaycanın bütün Zəfərlərinin təməlidir. Heydər Əliyevin xidmətlərini sovet dövründən başlayaraq aydın şəkildə ifadə edən dövlət başçısı bununla müstəqil Azərbaycanın əldə etdiyi nailiyyətlərin mənbəyini ifadə edib. Heydər Əliyev hələ sovet dönəmində rəhbərliyi zamanı Azərbaycanın iqtisadi, sosial, mənəvi-mədəni, ideoloji inkişafı və özünütəsdiqi üçün çox məharətli siyasət həyata keçirib. Bununla bağlı İlham Əliyev vurğulayıb: "Heydər Əliyev bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etmişdir. Sovet Azərbaycanı dövründə - 1969-82-ci illərdə Azərbaycanı ən geridə qalmış yerlərdən ən qabaqcıl yerlərə gətirib çıxarmışdır. Müstəqil Azərbaycanın sənaye və iqtisadi potensialı məhz o illərdə formalaşmışdır. Məhz o illərdə yetişmiş kadrlar müstəqil Azərbaycanda və bu gün də fəaliyyət göstərərək bizim ümumi inkişafımızı təmin edirlər".

Ölkə rəhbəri ayrıca vurğulayıb ki, həmin dövrdə Heydər Əliyev yalnız sosial-iqtisadi sahəni inkişaf etdirmirdi. Ulu Öndər Azərbaycan mədəniyyətini inkişaf etdirir, gənclərin milli ruhda tərbiyəsi üçün cəsarətli addımlar atır və milli ruhlu ziyalıları qoruyurdu. Bu bağlılıqda İlham Əliyev Ulu Öndərin Ana dilinə münasibətini xüsusi vurğulayıb. Sovet Azərbaycanında dilimizin dövlət dili olması Heydər Əliyevin tarixi xidmətlərindəndir. Mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsi, dünyanın müxtəlif yerlərində Azərbaycan mədəniyyətinin təbliğ olunması, şair və yazıçılara qayğı həmin dövrdə Azərbaycanı cəmiyyət və mədəniyyət məkanı kimi qoruyub saxlamaqda misilsiz rol oynayıb. Eyni məntiqlə Ulu Öndərin sovet hakimiyyəti illərində yürütdüyü milli kadr siyasətini vurğulamaqla, Prezident İlham Əliyev dərin fikir ifadə edib.

Buna görədir ki, bütövlükdə, "Azərbaycan Heydər Əliyevin xatirəsinə böyük hörmətlə yanaşır" və "Heydər Əliyevin qoyduğu yolla bu gün Azərbaycan uğurla gedir". Bu iki məqam bugünkü Azərbaycan dövləti və cəmiyyəti üçün prinsipial əhəmiyyət kəsb edir. Çünki burada həm Azərbaycan xalqının müdrikliyi, qədirbilənliyi, həm də siyasi varisliyin tam olaraq qorunub saxlanması məqamları öz əksini tapıb.

İlham Əliyevin uğurları: layiqli siyasi varislik və kreativ liderlik

Prezident xüsusi vurğulayıb ki, həmin tezisi sübut edən çox sayda faktlar vardır. Onların sırasında, ümumiyyətlə, Azərbaycanın müstəqillik taleyində müstəsna rol oynayan fakt ondan ibarətdir ki, "Azərbaycan xalqı Heydər Əliyevin simasında güclü Lider seçdi və yanılmadı". Eyni zamanda, "Heydər Əliyevə göstərilən inam Azərbaycan xalqının müdrikliyini bir daha nümayiş etdirdi".

Bu uğurlu seçimin bəhrələrini Azərbaycan dövlət və xalq olaraq öz tarixinin ağır sınaq günlərində dahi şəxsiyyətin uzaqgörən və məqsədyönlü qərarlarında gördü. Ölkə rəhbəri həmin bağlılıqda müraciətində qeyd edib ki, "Xalqın Heydər Əliyevə inamı Azərbaycanda dövlət çevrilişi cəhdinin qarşısını aldı", "Azərbaycanda sabitlik və inkişaf bərqərar oldu", "Ulu Öndərin ordu quruculuğu sahəsində çox böyük xidmətləri oldu" və bütövlükdə, "Azərbaycanın müasir siyasi sistemi də məhz Heydər Əliyevin adı ilə bağlıdır".

Bu fikirlər onu ifadə edir ki, Heydər Əliyevi Lider, Prezident seçməklə Azərbaycan sabitliyi, inkişaf kursunu, ordu quruculuğunu sabit məcraya yönəltdi və həm də təhlükəsizliyini təmin etmək üçün doğru geosiyasi seçim etdi. Həmin seçimdə neft strategiyası, bütün sahələrdə islahatlar və dünyanın inkişaf etmiş dövlətləri ilə əlaqələrin qarşılıqlı faydalılıq prinsipi əsasında yaradılması ciddi rol oynadı. Bunlarla yanaşı, Azərbaycanın müasir siyasi sisteminin qurulmasında müstəqil Azərbaycanın ilk milli Konstitusiyasının qəbulu və Prezident idarə üsulunun uğurlu tətbiqini ayrıca qeyd etmək gərəkdir.

Bütün bunların ümumi nəticəsini Prezident İlham Əliyev kifayət qədər dəqiq və aydın ifadə edib. Dövlət başçısı deyib: "Heydər Əliyev amili Azərbaycanı bir çətir kimi qoruyurdu". Bu tezisin nə qədər geniş və dərin məna daşıdığını hər kəs bilir. Sözün həqiqi mənasında Heydər Əliyev fəaliyyətinin hər bir dönəmində Azərbaycanı böyük sevgi və fəallıqla qoruyub, ölkənin inkişafı üçün titanik fəaliyyət göstərib, nəhəng işlər görüb. Bu zaman Ulu Öndər həyatını təhlükəyə atmaqdan belə çəkinməyib!

Təsadüfi deyildir ki, keçən əsrin 80-ci illərində "Azərbaycan xalqının faciələri Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra başlamışdır" və o cümlədən "Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdir".

Lakin Şuşanı məhz Heydər Əliyevin uzaqgörən siyasəti öz sahiblərinə qaytardı. Bunu həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev oldu! Dövlət başçısı Atasının arzusunu, vəsiyyətini və tapşırığını şərəflə yerinə yetirdi. Ona görə ki, "Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı, Qarabağı və Zəngəzuru azad görmək idi". Bunu Prezident İlham Əliyev reallaşdırdı və bütün dünyanı heyrətə saldı!

Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursunun layiqli varisi kimi çox böyük uğurlara imza atır və bu proses davam etməkdədir. İndi "Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır", çünki "Beynəlxalq müstəvidə bizə lazım olan bütün sənədləri, qətnamələri qəbul etdirə bilmişik" və "Son 20 ildə Azərbaycan qədər sürətlə inkişaf edən ikinci ölkə yoxdur".

Ən əsası isə Azərbaycan Ordusu "öz gücünü paradda yox, döyüş meydanında göstərmişdir" və düşməni darmadağın etmişdir. 44 günlük Zəfər Savaşının da memarı Heydər Əliyev yolunun, onun siyasi irsinin layiqli davamçısı Prezident İlham Əliyevdir. İlham Əliyev nə deyibsə, hər bir sözü "həyatda öz əksini tapıb". Odur ki, "Heç bir kənar qüvvə bizim iradəmizə təsir edə bilməz".

Prezident İlham Əliyev müraciətini çox maraqlı tezislərlə yekunlaşdırıb. Onların sırasında Qarabağın və Zəngəzurun bərpası ("Qarabağın və Zəngəzurun bərpası missiyasını da uğurla icra edəcəyik"), milli-mənəvi dəyərlərə bağlılıq ("Gördüyümüz bütün işlərin təməlində milli-mənəvi dəyərlərimizə bağlılıq dayanır"), Azərbaycanın Avrasiya məkanında nəqliyyat mərkəzlərindən birinə çevrilməsi ("Bu gün Azərbaycan Avrasiyada nəqliyyat mərkəzlərindən birinə çevrilib") ayrıca vurğulanmalıdır. Əlbəttə ki, bütün bu uğurlarda Ulu Öndərin müəyyən etdiyi neft strategiyasının xüsusi rolu vardır.

Təbii ki, bir yazıda Prezident İlham Əliyevin müraciətinin bütün aspektlərini açmaq mümkün deyildir. Ancaq vurğulanan məqamlardan da aydın görünür ki, Ulu Öndərin ruhu şaddır, çünki Azərbaycanın bütün uğurlarının təməlində Heydər Əliyevin fəaliyyəti dayanır. Ulu Öndərin siyasi varisi olaraq Prezident İlham Əliyevlə bütün xalq qürur duyur, dövlət başçısına Müzəffər Ali Baş Komandan kimi böyük etimad göstərir. Ulu Öndərin 100 illik yubileyində özünü qabarıq göstərən həmin məqam da Azərbaycan dövlətçiliyinin gələcəyi baxımından olduqca əhəmiyyətlidir! Azərbaycan etibarlı əllərdədir!

Kamal Adıgözəlov

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31