Böyük Qayıdışın reallığa çevrilməsi ilə Laçın rayonunun da həyatında yeni mərhələ başlayacaq - ÖZƏL
18 May 2023 12:42 Siyasət"Son üç ilə yaxın dövrdə digər işğaldan azad edilmiş torpaqlarımız kimi, Laçın rayonunda da aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən bəhs etsək də daim xatırlanan, erməni vəhşiliyinin təcəssümü olan bir tarix də unudulmur: 18 may 1992-ci il. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün davamı kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkibinə daxil olmayan Laçın rayonu 18 may 1992-ci ildə işğal olunub". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Əlabbas Salahzadə qeyd edib ki, 1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Ermənistan silahlı qüvvələri Laçın rayon mərkəzini intensiv olaraq ağır artilleriya silahlarından atəşə tuturdu. 1992-ci il mayın 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu mayın 18-də Laçını işğal etdi: "Laçın 28 il erməni vəhşiliklərinin şahidinə çevrilsə də bu ümid heç zaman itmədi. Xalqımız tam əmin idi ki, dövlətimizin qətiyyəti sayəsində gec-tez ədalət zəfər çalacaq, torpaqlarımız işğaldan azad ediləcək, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaqlar. Artıq üç ilə yaxındır ki, bu sevinci yaşayırıq. Digər işğaldan azad edilmiş ərazilərimizlə bərabər Laçın da cənnət məkana çevrilir. İşğaldan azad edilmiş ərazilərimiz üçün nəzərdə tutulan 3 Beynəlxalq Hava Limanından birinin məhz bu rayonun ərazisində tikilməsi rayonun iqtisadi və strateji əhəmiyyətini açıqlayır. Azərbaycanın hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata uyğun olaraq işğaldan azad edilən Laçın rayonu bu il sakinlərini qarşılayacaq. Böyük Qayıdışın reallığa çevrilməsi ilə Laçın rayonunun da həyatında yeni bir mərhələ başlayacaq. Hər bir rayonun malik olduğu potensialdan səmərəli istifadə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"də öz əksini tapıb".