"Sonraki işlər Heydər Əliyevin atdığı dörd sütun üzərində quruldu"- ÖZƏL
18 May 2023 12:45 Siyasət"Müstəqil dövlətimizin əsaslarının yardılması və möhkəmləndirilməsi Heydər Əliyevin gördüyü tarixi əhəmiyyətli işlərlə bağlıdır. Burada söhbət müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının yaradılmasından gedir. Eyni zamanda müstəqil dövlətimizin siyasi, sosial, mədəni və ideoloji əsasları həmin dövrlərdə atılıb. Bunlardan hər hansı biri olmasaydı, zəif olsaydı, dövlətimizin möhkəmliyindən danışmaq mümkün olmazdı. Heydər Əliyevin Azərbaycan SSR-də və müstəqil Azərbaycanın ilk zamanlarında gördüyü işlər dövlətçilik baxımından bir-birinə zidd olmadı. Əksinə, hər iki dövrdə müstəqillik naminə atılan addımlar bir-birini tamamladı. Azərbaycan SSR zamanında yaradılan iqtisadi strukturlar sonradan müstəqil Azərbaycanın ilkin quruculuq mərhələsində böyük rol oynadı. Azərbaycan SSR-də milli kadrların hazırlanması müstəqillik dövründə dövlətçilik kadrlarının hazırlanması üçün vacib rol oynadı. Azərbaycan SSR-də iqtisadi əsaslar və milli kadrların hazırlanması müstəqillik illərində tam yerinə düşdü".
Bu sözləri Olaylar.az-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
"Müstəqil Azərbaycan dövlətinin ilkin quruculuq işlərində isə Heydər Əliyevin gördüyü işlərin xüsusi dəyəri var. İlk növbədə ölkədə sabitliyin təmin edilməsi, sosial inkişaf modeli müəyyənləşdirildi. Heydər Əliyev çox təcrübəli dövlət xadimi idi. O, hamıdan öncə dəyərləndirdi ki, müstəqil dövlətin qurulması və möhkəmləndirilməsi üçün əsas şərt sabitliyi təmin etməkdir. Buna görə də ilkin mərhələdə planlı-sosialist iqtisadiyyatının və azad bazar iqtisadiyyatının ən önəmli cəhətlərinin birləşdirilməsinə böyük önəm verdi. Tarix də sübut etdi ki, 90-cı illərin başlanğıcında azad bazar iqtisadiyyatının və planlı sosialist iqtisadiyyatının elementlərinin milli şəraitə uyğunlaşdırılması vəziyyətdən ən ideal çıxış yoludur. Daha sonra sosial-iqtisadi inkişaf modelinin uğurla tətbiqi üçün stabil maliyyə mənbəyinin yaradılmasına diqqət yetirdi. Nəticədə Heydər Əliyev Azərbaycanın enerji ehtiyatlarının dünya bazarına çıxarılmasına fokuslandı. Çox doğru qərar verdi ki, ölkənin iqtisadiyyatını ayaqda tutmaq, məruz qaldığımız təcavüzün qarşısını almaq üçün mütləq şəkildə ölkədə sabit maliyyə mənbəyi yaradılmalıdır. Bu fikir neftimizin dünya bazarına uğurla çıxarılması kimi özünü göstərdi. Müstəqil Azərbaycan üçün ən vacib olan şeylərdən biri də stabil və incə xarici siyasət kursunun formalaşdırılması idi. Heydər Əliyev zamanında bunu da həyata keçirdi. Beynəlxalq təşkilatlarla Azərbaycanın əməkdaşlığı, demək olar ki, bütün beynəlxalq təşkilatlara Azərbaycanın ciddi diqqət ayırması, yerini möhkəmləndirməsi, Rusiya ilə münasibətlərin MDB çərçivəsində gücləndirilməsi Heydər Əliyevin şərait üçün atdığı ən ideal diplomatik addımlar idi. Bütün bunlar müstəqil Azərbaycan dövlətinin hərtərəfli əsaslarının yaradılması işində böyük rol oynadı. Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin quruculuq prosesindəki böyük rolu danılmazdır. Sabitlik, dövlətin sosial, iqtisadi inkişaf modelinin müəyyənləşdirilməsi, ölkə üçün stabil maliyyə mənbələrinin təmin edilməsi və beynəlxalq münasibətlərdə yerinin düzgün müəyyən edilməsi- fikrimcə, bu dörd amil müstəqil Azərbaycan dövlətinin qurulması və möhkəmləndirilməsi üçün dörd sütuna çevrildi. Sonraki işlər də bu sütunlar üzərində qurulmuş oldu".