Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına ən böyük maneə Ermənistan hakimiyyətidir - ÖZƏL

"Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyasına ən böyük maneə Ermənistan hakimiyyətidir. Qarabağ daim Ermənistanda hakimiyyətdə olan qüvvələrin siyasi oyunlarda istifadə etdiyi kart olub və 44 günlük müharibədən sonra həmin kartın əldən çıxması Ermənistanı idarə edənlərin oyun şansını sıfıra endirib. Ona görə də Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına Ermənistan hökuməti ciddi cəhdlə mane olmağa çalışır". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. İctimai Birlik sədri deyib ki, müntəzəm olaraq Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə qarşı törədilən təxribatlar, PUA-lardan zərbələrin endirilməsində də məqsəd Azərbaycan dövlətinin, Azərbaycan hakimiyyətinin Qarabağın erməni sakinləri ilə normal münasibətlər qurmağa, onları Azərbaycan cəmiyyətinə inteqrasiya etməyə yönəlik çalışmalarına mane olmaqdır: "Artıq görünən odur ki, Qarabağ erməniləri Azərbaycan dövlətinin tərkibində Azərbaycan qanunları əsasında yaşamaq, ölkəmizin malik olduğu imkanlardan yararlanmağa meyillidirlər. Xankəndi-Laçın yolunun başlanğıcında qoyulmuş Nəzarət Buraxılış Məntəqəsindən indi ermənilərin daha intensiv hərəkət etməsi də qeyd edilən müsbət tendensiyadan xəbər verir. Əgər ilk günlərdə Qarabağ erməniləri bunu aqressiya ilə qarşılayırdılarsa, indi həmin aqressiya müşahidə edilmir. Bu müsbət tendensiya isə heç şübhəsiz ki, Ermənistan hakimiyyətinin ürəyincə deyil".

İctimai Birlik sədri "Ermənistan hakimiyyətinin hər hansı cəhdlərinə baxmayaraq artıq bu qarşısıalınmaz bir prosesə qədəm qoyub və Qarabağ erməniləri də bundan razı görünürlər" deyə, fiukirlərini tamamlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31