“Minalardan Azad Cənubi Qafqaz” regional kampaniyası çərçivəsində görüş keçiriləcək
17 May 2023 14:27 Siyasət"Minaların Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi 19 may tarixində Horadiz şəhərindəki EVİM otelində "Minalardan Azad Cənubi Qafqaz" regional kampaniyası çərçivəsində "Minalarla çirklənmə və bunun Azərbaycanlı məcburi köçkünlərin öz doğma şəhər və kəndlərinə qayıtmasına təsiri" mövzusunda Dialoq Görüş keçirəcək.
İctimai Birlikdən "OLAYLAR"-a daxil olan xəbərə görə, tədbirin məqsədi 2-ci Qarabağ müharibəsi başa çatdıqdan sonra keçmiş məcburi köçkünlərin öz şəhər və kəndlərinə qayıtması prosesinə mina və partlamamış hərbi sursatların mövcudluğunun necə təsir etdiyini qiymətləndirməkdir. Tədbirdə məcburi köçkünlərin geri qaytarılması və onların rifahı ilə bağlı prosesdə iştirak edən rəsmi qurumların - Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, ANAMA və Ombudsman Aparatının-, beynəlxalq təşkilatların nümayəndələrinin, habelə birbaşa təsirə məruz qalan icmaların üzvlərinin və mina qurbanlarının təqdimatları dinləniləcək.
Dialoq-Görüşdə verilən məlumatlardan "Minaların Əleyhinə Azərbaycan Kampaniyası" ictimai birliyi tərəfindən eyni mövzuda hazırlanacaq hesabatda istifadə olunacaq.
Tədbir LINKS Europe ilə birlikdə, Birləşmiş Millətlər Təşkilatı İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə təşkil olunur.