Heydər Əliyevin “Bir millət iki dövlət” ifadəsi qardaşlığımızın nümunəsidir - Türkiyə parlamentinin Büro katibi
16 May 2023 14:55 SiyasətAzərbaycan müstəqilliyini əldə edəndə çətin şəraitdə idi. Müharibə də Azərbaycanın vəziyyətini ağırlaşdırırdı. Heydər Əliyev Azərbaycanı böyük məharətlə atəşin içindən çıxardı.
Trend-in məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin Büro Katibi, millət vəkili Bayram Özçelik Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclasda deyib.
Onun sözlərinə görə, Azərbaycanı çətin vəziyyətdən çıxararaq qüdrətlənən bir ölkəyə çevirən Ümummilli Lider öz fəaliyyəti ilə hər kəsi heyran edib.
"Heydər Əliyev olmasaydı, o zaman Azərbaycan və digər region ölkələri üçün daha çətin olardı və Azərbaycan bu gün güclü mövqeyə asanlıqla çata bilməzdi. Heydər Əliyev Türkiyə üçün də böyük bir şəxsiyyətdir. Heydər Əliyev hər zaman Türkiyə ilə qardaşlığın inkişaf etdirilməsinə böyük önəm verib. Heydər Əliyevin "Bir millət iki dövlət" ifadəsi qardaşlığımızın nümunəsidir. Türkiyə xalqı və dövləti hər zaman Azərbaycanın yanında olacaq", - deyə o əlavə edib.
Qeyd edək ki, Milli Məclisin Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş xüsusi iclası keçirilir. İclasda 228 xarici nümayəndə, o cümlədən 12 ölkənin parlamentinin sədri, 15 ölkə parlamentinin sədrinin müavini, 4 beynəlxalq təşkilatın nümayəndələri iştirak edir.