Azərbaycan xalqı Ulu Öndərin simasında nicat yolunu görürdü - ÖZƏL
16 May 2023 14:39 Siyasət"Ümummilli Liderin 100 illiyyində Prezidentin Şuşadan xalqa müraciəti siyasi rəhbərin mənəvi hesabatı olmaqla yanaşı, Ulu Öndərin əziz xatirəsinə və eləcə də vəsiyyətinə dərin hörmət və ehtiramın ən ali səviyyədə olan nümayişi idi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sevinc Hüseynovanın sözlərinə görə, Prezident İlham Əliyev xalqa müraciətində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin bütün istiqamətlərinə diqqət çəkməklə yanaşı, Ümummilli Liderin siyasi kursuna uyğun olaraq Azərbaycanın ötən illərdə keçdiyi inkişaf yoluna da nəzər salıb: "Vurğulanıb ki, müstəqilliyimizin yenicə bərpa edildiyi 90-cı illərin əvvəllərində hakimiyyətdə olanlar ancaq şəxsi mənafelərini düşünürdülər: "Ölkədə talançılıq, soyğunçuluq, özbaşınalıq, anarxiya ilə yanaşı torpaqlarımız erməni işğalçıları tərəfindən təcavüzə məruz qalırdı. Şuşa 1992-ci ilin may ayında məhz milli xəyanət və satqınlıq nəticəsində düşmənə təhvil verilmişdi. Şuşa işğal olunandan bir ay sonra AXC-Müsavat cütlüyünün hakimiyyətə gəlməsi də heç də təsadüfən baş verməmişdi. Faktiki olaraq isə Şuşa işğal olunandan sonra Laçının taleyi də böyük təhlükə altında idi və on gün sonra Laçın da işğal olundu. 1993-cü ilin aprelində isə Kəlbəcər işğal olundu və beləliklə, Qarabağla Ermənistan arasında coğrafi əlaqə yaradıldı. AXC-Müsavat hakimiyyəti Ermənistana yanacaq satır, ölkəni mövcud ağır durumdan xilası üçün heç bir təsirli addım atmırdı. Belə bir şəraitdə Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin simasında nicat yolunu görürdü. Xalqın istəyi ilə Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə vətəndaş müharibəsinə, qardaş qırğınına son qoyuldu. Zəruri addımlar atıldı və bununla da Azərbayan sürətli inkişaf yoluna qədəm qoydu".