Brüssel görüşünü yetərincə konstruktiv hesab etmək olar - ÖZƏL

"Son Brüssel görüşünü yetərincə konstruktiv və irəliyə doğru addım hesab etmək olar". 

Bu fikirləri "OLAYLAR" a səsləndirən politoloq Vüqar Əhmədov deyib ki, həm Vaşinqton, həm də Brüssel görüşündə Azərbaycanın qətiyyətli addımları həm Qərb təsisatları, həm də Ermənistan baş nazirini hesablaşmaq məcburiyyətində qoyub:

"Belə ki, Qarabağın Azərbaycanın daxili məsələsi olduğunu bütün tərəflər artıq etiraf edir, bunu 86,6 min kvadrat kilometr ərazimizin Ermənistan tərəfindən qəbul edilməsi də təsdiq edir və danışıqlar indi daha irəliləmiş məcrada, yəni kommunikasiyaların açılması və sülh müqaviləsinin imzalanması ətrafında gedir. Bu isə ondan xəbər verir ki, Ermənistan baş naziri aradakı fikir ayrılıqlarına son qoyulmasını sülh razılaşması və münasibətlərin normallaşması vasitəsi ilə baş verməsini məqbul sayır, ermənistan tərəfi başa düşür ki, onlar üçün yaranmış dalandan çıxmaq üçün başqa yol da yoxdur. Əslində qeyd olunan istiqamətlərdə irəliləyişin olması elə Ermənistanın özü üçün də çox xeyirli olacaq".

Vüqar Əhmədov onu da deyib ki, Azərbaycanın şərtlərini qəbul etməklə Türkiyə və ölkəmizlə sərhədlərin açılması, Zəngəzur dəhlizinin işə düşməsi ermənistan dövlətinə və cəmiyyətinə böyük faydalar gətirəcək:

"Bu həm də Ermənistandakı ksenefob və revanşist qüvvələrin sonu olacaq. Çox yaxşı haldır ki, Azərbaycan dövləti bu istiqamətdə danışıqlar platformasında davamlı səylərini davam etdirir və təşəbbüslərə açıqdır. Laçın rayonunda buraxılış məntəqəsinin qoyulması və oradan keçən erməni əsilli sakinlərlə sərhədçilərmizin sivil formada davranması bir daha Azərbaycanın humanist prinsiplərdən çıxış etdiyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31