Azərbaycanın öz ərazisində buraxılış məntəqəsi qurmaq hüququ vardır - ÖZƏL
25 Aprel 2023 11:19 Siyasət"Laçında nəzarət buraxılış məntəqəsinin yaradılmasına Dövlət Departamenti və Fransa XİN-in etirazı ilkin reaksiyadı, onlar ermənilərin təqdim etdiyi məlumatlara əsasən reaksiya verirlər. Lakin sonrakı reaksiyalardan görürük ki, AŞPA buraxılış məntəqəsinə monitorinqə gəlmək üçün Azərbaycandan dəvət icazəsi istəyir, anlayırlar ki, bu Azərbaycanın əraziləridir və Azərbaycanın istənilən başqa bir dövlət kimi öz ərazisində buraxılış məntəqəsi qurmaq hüququ vardır. Sadəcə mən ehtimal edirəm ki, beynəlxalq ictimaiyyət Azərbaycandan bu buraxılış məntəqəsinə oradan Qarabağda yaşayan ermənilərin gediş-gəlişini nəzərə alaraq əlahiddə bir status verilməsini istəyəcək. Yəni Fransız gedib alman gələcək, alman gedib Amerikalı gələcək ki, Siz Allah erməniləri orda çox sıxma-boğmaya salmayın, qoyun rahat şəkildə beynəlxalq müşahidəçilərin müşahidəsi altında oradan keçib getsinlər".
Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, Qərb hələ qəbullana bilmir ki, Azərbaycan bu prosesi müstəqil şəkildə hər hansı insidentsiz həyata keçirə bilər və Azərbaycan dövləti Ermənistan ərazisindən və yaxud başqa ölkə vətəndaşının Qarabağa giriş çıxışına özü şəxsən yerdən nəzarət etməlidir, daha peyk vasitəsi ilə deyil:
"Dünya tərəfindən tanınan Azərbaycan ərazisinə giriş və çıxışı necə ola bilər ki, bizim sərhədçilərimizdən kənar hansısa qüvvələr tənzimləsin. Bu qəbul olunan bir məsələ deyil və heç bir ölkənin milli təhlükəsizlik maraqlarına cavab vermir. Hesab edirəm ki, Qərb də bir tərəfdən bu reallığı dərk edir, sadəcə ermənilərin isterik qapanmalarını sakitləşdirmək üçün verilən təpkilərdir".