Rusiya üçün Ukrayna savaşının ağır nəticələri davam edir - ÖZƏL
25 Aprel 2023 11:11 Siyasət"Rusiya üçün Ukrayna təcavüzünün ağır nəticələri gün keçdikcə artmaqda davam edir. Kreml rəhbərliyinin yeni dünya nizamında daha əlverişli geosiyasi mövqe qazanmaq üçün başlatdığı müharibə onların planladığı istiqamətdə irəliləmədi. Ordunun hərbə hazırlıq səviyyəsinin düzgün hesablanmaması, logistik səhvlər və istifadə olunan döyüş taktikalarının müasir müharibələrin tələblərinə cavab verməməsi səbəbindən yaşanan uğursuzluqların nəticəsi Moskva üçün siyasi müstəvidə də ciddi çətinliklər yaratdı". "OLAYLAR" xəbər verir ki, bu fikirləri səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadənin sözlərinə görə, Rusiya Qərbin iqtisadi və siyasi təzyiqləri fonunda kəskin nüfuz itirməsi yaşadı ki, bu da ölkənin beynəlxaq miqyasda və varlıq göstərdiyi regionlarda ciddi şəkildə güc itirməsi ilə nəticələndi: "Ukrayna müharibəsinin Kreml üçün mənfi təsir göstərdiyi istiqamətlərdən biri də hərbi istehsal sahəsidir ki, hərbi əməliyyatlara qədər Rusiya silah sənayesi dünya üzərində Amerikadan sonra ikinci sırada qərarlaşmışdı və silah bazarında Vaşinqtondan sonra ən böyük pay sahibi məhz bu ölkə idi. Düzdür, bizlər Rusiya silahlarının hansı keyfiyyətdə olduğunu Suriyada, Liviyada və Qarabağ müharibəsində izləmişdik. Türkiyə istehsalı silah sistemlərinin rus rəqibləri üzərində əzici üstünlük qazanması belə bu ölkəyə silah bazarında çətinliklər yaratmadı. Çünki qiymət fərqi səbəbindən potensial müştərilər hər zaman var idi. Ərəb coğrafiyası, Afrika bazarı və Hindistan kimi nəhəng silah tədarükçüləri Rusiya ilə sıx hərbi-texniki əməkdaşlıq edirdilər. Lakin Rusiya istehsalı hərbi avadanlıqların Ukrayna müharibəsində gözləntiləri qarşılaması müştərilər tərəfindən birmənalı qarşılanmadı. Artıq Hindistan höküməti Rusiya ilə bağladığı hərbi müqavilələrə süni əngəllər yaradır, bağlanmış müqavilələri ləğv etmək üçün variantlar axtarır. Ancaq onu da qeyd etməkdə fayda var ki, yaranmış situasiyada Hindistanın itkiləri Rusiyadan daha çox olacaqdır. Hindistan ordusunun hərbi təminatı böyük ölçüdə Rusiya silahları hesabına qarşılanıb və indiki şəraitdə Moskvanın ehtiyyat hissələri kimi vacib komponentlərin satışını dayandırması hint ordusunda xaosa səbəb olacaqdır. Və Modi hökumətinin bu kimi təhlükələri bildiyi halda Kremlə qarşı siyasi davranışları başa düşülən deyil".