Möhtəşəm Qələbə və acı etiraf: diz çökmüş varçapetin yalvarışları
20 Aprel 2023 15:45 SiyasətErmənistanın baş naziri Nikol Paşinyan parlamentdə etdiyi məruzədə Azərbaycanla bağlı bir neçə fikir ifadə edib. O, faktiki olaraq, rəsmi Bakının tələblərini yerinə yetirməli olduqlarını boynuna alıb və bu kontekstdə sülh sazişindən bəhs edib. Azərbaycan Prezidenti İlham Əliyev isə Salyan rayonuna səfəri zamanı, bütövlükdə, regionda geosiyasi şərait və onun fövqündə Ermənistanla münasibətlərin normallaşması ilə bağlı vəziyyətlə əlaqədar dolğun, yığcam və dəqiq məzmunlu tezislər ifadə edib. Biz həmin kontekstdə məsələnin geosiyasi analizinə ehtiyac duyuruq.
Sülhdən qaçanların "U" dönüşü və ya Paşinyan "sülh göyərçini" libasında
Cənubi Qafqazda, sözün həqiqi mənasında, tarixi geosiyasi və siyasi-diplomatik əhəmiyyətli hadisələr baş verir. 2020-ci ilin payızında Azərbaycanın Qırx dörd günlük müharibədə Ermənistan üzərində Qələbəsindən sonra tərəflərin siyasi-diplomatik fəaliyyətlərinin nəticələri indiki səviyyədə açıq etiraf edilməmişdi. Bakı ardıcıl, davamlı və tamamilə sülhə, sabitliyə istiqamətlənmiş diplomatiyasına qarşılıq daim Ermənistan rəhbərliyi və onun havadarları tərəfindən qeyri-konstruktiv münasibət görürdü.
N.Paşinyan hakimiyyəti müxtəlif manevrlərlə yeni yaranmış vəziyyəti tarixi ədalət xəttindən çıxarıb, qeyri-konstruktiv məcraya yönəltməyə cəhdlər edirdi. Artıq bu cəhdlərə son qoyulmaqda, N.Paşinyanın timsalında sülhdən qaçanların böyük etirafı səslənməkdədir.
Kütləvi informasiya vasitələri onları geniş tirajlayır. Ekspertlər fərqli qiymətlər verirlər. Erməni ekspertlər N.Paşinyanın aprelin 18-də parlamentə verdiyi hesabatda Azərbaycanla bağlı dediklərinin daxili siyasi opponentlərə ünvanladığından yazırlar. Digər qisim "hökumətin məğlubiyyətindən" bəhs edir. Bir başqaları müxalifətin yeni yaranmış vəziyyətdən istifadə edərək iqtidarı ələ keçirməsi fürsəti kimi dəyərləndirir.
Rusiyalı ekspertlər N.Paşinyanın söylədiklərini, əsasən, Moskvanın maraqlarının təmin edilməsi aspektində qiymətləndirirlər. Onların mövqeləri dəyişməyib: İrəvan Kremli dinləməlidir, əks halda, başı bəlalardan açılmayacaq. Rusiya mətbuatı baş verənləri "Paşinyan Bakıya gözlənilməz kompromis təklif etdi", "İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıması nə deməkdir" kimi başlıqlarla vəziyyəti təqdim edir. Və bütün bunların arxasında rusiyalı ekspertlərin bir tezisi dayanır: İrəvan Moskva olmadan məsələni həll edəcəyinə inanmasın. Hətta rusiyalı ekspertlərdən biri ifadə edib ki, Azərbaycan və Ermənistanın ərazi bütövlüklərini qarşılıqlı tanıması məsələni həll etmir. Çünki əsas Rusiyanın mövqeyidir. Yəni istənilən an sabitliyi Kreml poza bilər.
Azərbaycan mətbuatı və ekspertlər isə daha obyektiv mövqedən çıxış edirlər. Ölkə mətbuatında "həqiqət anı" və ya "Paşinyan hazırdır" kimi tezislərlə yaranmış durumu geosiyasi, siyasi-diplomatik və təhlükəsizlik kontekstində ifadə etməyə çalışılır. Qərb ekspert dairələri isə hadisələri adətləri üzrə dolayı yolla öz maraqları müstəvisində qiymətləndirirlər.
Ancaq bütün bunların fonunda başlıca məqam Azərbaycan və Ermənistan rəhbərliyinin proseslərə verdikləri qiymət və irəli sürdükləri tezislərlə bağlıdır. N.Paşinyandan başlayaq. Ermənistanın baş naziri parlamentin növbədənkənar sessiyasındakı çıxışında diqqəti çəkən fikirlər söyləyib. O, "Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam şəkildə tanıyır", "Azərbaycanın həm Rusiya, həm də Qərb ölkələri üçün əhəmiyyəti artıb", "Azərbaycan nəqliyyat və enerji layihələrinin kəsişmə sahəsinə çevrilib", "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur", "sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq" kimi fikirlər səsləndirib.
Bunların geosiyasi və siyasi-diplomatik anlamı ondan ibarətdir ki, Zəfər savaşından sonra Ermənistan bütün dağıdıcı və sülhdən yayındırıcı cəhdlərinə baxmayaraq, iki faktı boynuna alır. Birincisi, Ermənistan müharibədən sonra keçən müddətdə Azərbaycana siyasi-diplomatiya sahəsində məğlub olub. İkincisi, rəsmi İrəvan Cənubi Qafqazda Azərbaycanın nüfuzunun, təsirinin və aparıcı rolunun səviyyəsinin daha da artdığını ağır da olsa, etiraf edir və bunu başlıca arqument kimi qəbul etdiyini bəyanlayır.
Regional geosiyasi proseslər və Ermənistana havadarlıq edənlərin konkret nəticə çıxarmaları üçün vacib məqamdır. Qərb, Rusiya və İran artıq əmin olmalıdırlar ki, regionda qeyri-konstruktivliyə, ədalətsizliyə və əməkdaşlığa mane olan addımlara dəstək verməklə heç bir uğur qazana bilməyəcəklər. Çünki Azərbaycan-Türkiyə birliyi çox güclü və haqlıdır. Bunu indi rəsmi İrəvan da etiraf edir və ona uyğun davranmaqdan başqa yolu qalmayıb. Yəni, vurğuladığımız geosiyasi güclərin "erməni maşası" sınmaqdadır. Ancaq hələ bir müddət də onların destruktiv fəaliyyətlərini davam etdirəcəyini düşünürük.
Zəfər savaşından sonra yeni Zəfər: İlham Əliyevin növbəti tarixi nailiyyəti
Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin birmənalı olaraq siyasi-diplomatik qələbəsidir. Salyan şəhərində dövlət başçısının Azərbaycan Televiziyasına verdiyi müsahibədə ifadə etdiyi fikirlər bunu tam təsdiq edir.
Ölkə rəhbəri yığcam və dəqiq məzmunlu tezisləri ilə Cənubi Qafqazda yaranmış vəziyyətin məntiqini Azərbaycan-Ermənistan münasibətlərinin real vəziyyəti fövqündə ifadə edib. Prezident İlham Əliyev ifadə edib ki, "Ermənistan artıq rəsmən bəyan etməlidir ki, Qarabağ Azərbaycandır". Ekspertlər üçün maraq doğuran odur ki, Azərbaycanın dövlət başçısının bu fikrindən sonra N.Paşinyan parlamentdə, faktiki olaraq, "Qarabağ Azərbaycandır" deyib. Bunu erməni rəhbərliyinin İlham Əliyevin haqlı tələblərini yerinə yetirməkdən başqa çıxış yolunun qalmadığını qəbul etməsi kimi anlamaq olar.
Bunun arxasında İlham Əliyevin konkret prinsipi dayanır. Belə ki, həmin müsahibədə Azərbaycanın dövlət başçısı bəyan edib: "Ermənistan qəbul edib ki, iki ölkə arasında sərhədlər Alma-Ata Bəyannaməsi əsasında həll olunmalıdır". Doğrudan da, N.Paşinyan parlamentdəki çıxışında bir neçə dəfə Azərbaycanın ərazi bütövlüyünü 1991-ci il Alma-Ata Bəyannaməsi əsasında tam şəkildə tanıdığını bildirib, bu zaman məhz bu sənədi əsas götürdüyünü qeyd edib.
Belə çıxır ki, bir zamanlar Qarabağdakı bir ovuc erməninin müstəqilliyindən başqa variantı qəbul etmək istəməyən rəsmi İrəvan indi heç olmasa, SSRİ dövründəki sərhədlərinin saxlanmasına çalışır. N.Paşinyan açıq deyir ki, "Ermənistan SSR-in sərhədləri müstəqil Ermənistan Respublikasının sərhədləri" kimi tanınsın. Təbii ki, Azərbaycan rəhbərliyi heç bir müzakirədən çəkinmir və məsələnin necə həll olunması birbaşa rəsmi Bakının iradəsindən asılıdır. Çünki qalib tərəfin öz arqumentləri vardır. Bunu Prezident İlham Əliyevdən başqa kimsə Azərbaycanın milli maraqları kontekstində dəqiq və dolğun bilə bilməz!
Prezident İlham Əliyev vurğuladığımız müsahibəsində Azərbaycanın Qarabağdakı separatçılar və sadə ermənilərlə bağlı yeritdiyi siyasəti yuxarıda qeyd etdiyimiz fikirlər fonunda bir daha aydın ifadə edib. Həmin mövqenin ana xəttini aşağıdakı tezis təşkil edir: "Heç kimə imkan vermərik ki, bizim ərazimizdə kimsə at oynatsın". Bu, müstəqil və qüdrətli bir dövlətin başçısının yenilməz iradəsinin ifadəsidir. Bu iradədə Qarabağdakı separatçılara, sadə ermənilərə, Ermənistan hakimiyyətinə və onun dünyadakı bütün havadarlarına konkret mesajlar vardır. Onları İlham Əliyev aydın məntiq və dolğun fikirlərlə bəyan edib.
Ermənilərin havadarları anlamalıdırlar ki, heç zaman Azərbaycan ərazisində hakim kimi özlərini apara bilməzlər. Onların burada "at oynatmaq" zamanı keçib - bu torpaqların öz sahibləri vardır! Bu, Qərbə də, Şərqə də, Rusiyaya da, İrana da xəbərdarlıqdır!
Digər tərəfdən, rəsmi İrəvan artıq Azərbaycan ərazilərində öz ağalarının aləti kimi də hərəkət edə bilməz. Buna edəcəyi hər cəhddə "Dəmir yumruğ"un dadını yenidən hiss edəcək. N.Paşinyan da daxil olmaqla hər bir erməni siyasətçisi vurğulanan fikri aksiom kimi qəbul etməlidir! Dil uzadarlarsa, dilləri kəsilər, əl uzadarlarsa, əlləri qırılar!
Bunlarla yanaşı, İlham Əliyev separatçılara da mesajını konkret ifadə edib. Dövlət başçısı deyib: "Separatçı təlxəklər toplusu bilməlidir ki, bizim səbrimizlə oynamaq olmaz" və "onların iki seçimi var: ya Azərbaycan Bayrağı altında yaşayacaqlar, ya da ki, çıxıb gedəcəklər". Separatçılar uzun illər "zəli kimi" yerli erməniləri istismar ediblər, onları bir növ öz çirkin ideologiyalarının girovunda saxlayıblar. İndi də bəziləri özlərinə qondarma vəzifə adları uydururlar. "Biz onlara müxtəlif yollarla dəfələrlə izah etməyə çalışmışıq ki, onlar ya bizim sözümüzlə oturub duracaqlar, ya da ki, oradan rədd olacaqlar və orada yaşayan, onların faktiki olaraq girovuna, əsirinə çevrilmiş erməniləri də rahat buraxacaqlar" (İlham Əliyev).
Deməli, Azərbaycan Prezidenti Qarabağdakı ermənilərə demokratik seçim təklif edir: ya Azərbaycan vətəndaşı kimi qanunlar çərçivəsində yaşayacaqsınız, ya da özünüzə başqa yer seçin! Separatçılar isə ("bu zəlilər və yırtıcı heyvanlar") rədd olub getməlidirlər, ancaq bu da onları hüquqi məsuliyyətdən azad etmir - zamanı gələndə, hər biri Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək!
Ölkə rəhbəri müsahibəsində İrəvanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan Bayrağının yandırılmasına da konkret siyasi qiymət verib.
Birincisi, bu, "erməni hökumətinin növbəti çirkin əməlidir".
İkincisi, "Bayraq yandırmaqla onlar ancaq öz çirkin xislətlərini bütün dünyaya nümayiş etdiriblər".
Üçüncüsü, ermənilər unutmamalıdırlar ki, "bu gün Azərbaycan Bayrağı Qarabağda dalğalanır. Ağdamda, Füzulidə, Cəbrayılda, Qubadlıda, Zəngilanda, Kəlbəcərdə, Laçında, Şuşada, Hadrutda, Talışda, Suqovuşanda və neçə-neçə kənddə, yüzlərlə kənddə Azərbaycan Bayrağı dalğalanır. Bu gün Azərbaycan Bayrağı Zəngəzur dağlarında dalğalanır".
Dördüncüsü, ermənilər yaxşı fikirləşməlidirlər. Əks təqdirdə, "bir gün gözlərini açıb Azərbaycan Bayrağını öz başları üzərində görə bilərlər".
Beləliklə, Prezident İlham Əliyevin və Ermənistanın baş nazirinin ifadə etdikləri fikirlər və sərgilədikləri mövqelər göstərir ki, Zəfər Savaşından sonra Azərbaycan növbəti tarixi nailiyyət əldə edib - Ermənistanı siyasi-diplomatik müstəvidə məğlub edib. Şübhə yoxdur ki, bu proses davam edəcək və "...hər kəs eşitsin, həm Ermənistan rəhbərliyi, həm bu gün onların arxasında dayanan qüvvələr, bizim iradəmizə heç kim təsir edə bilməz. Biz bunu sübut etmişik, müharibə zamanı və müharibədən sonra. Lazım olarsa, bir də sübut edərik istənilən formada".
Kamal Adıgözəlov