Mərhəmət, şəfqət, humanizm nümunəsi ilə yanaşı, həm də milli birliyimizin göstəricisi

Bu gün hər bir azərbaycanlının qəlbi, düşüncəsi qardaş Türkiyədə, dağıdıcı zəlzələnin demək olar ki, yer üzündən sildiyi Kahramanmaraş, Hatay, Adiyaman və digər təbiii fəlakət yaşanan vilayətlərdədir desək yanılmarıq. Çünki qardaşımızın yurdu dağılıb, qardaşımızın hüzürü düşüb, qardaşımız xəsarət alıb. Necə ki, eyni düşüncədə 2020-ci ilin sentyabr ayının 27-də 44 günlük Vətən müharibəsi günlərində Türkiyədə yaşayan hər bir insan, hər bir vətəndaş özünü Azərbaycanda, odun-alovun içində hiss edirdi. Əlindən gəldiyi qədər Azərbaycana dəstək olmağa çalışırdı. Bu gün də tarix təkrar olunur. Hər bir Azərbaycan vətəndaşı Türkiyədəki zələzlə qurbanlarına yardım göndərmək üçün son tikəsini belə yarı bölməyə hazırdır. Necə ki, fevralın 6-dan bu günə qədər qardaş dəstəyi, qardaş yardımı olub və bu gün də həmin yardımlar davam edir. Ötən gün televiziya kanalları vasitəsilə baş tutan yardım kampaniyasında da xalq, millət olaraq fəal olduq. Təkcə respublikada deyil, eləcə də ölkədən kənarda yaşayan hər bir soydaşımız qardaş Türkiyəyə dar gündə öz yardım əlini uzatmaqdan qürur hissi keçirdi, bu kampaniyaya sevə-sevə qoşuldu. Tikəsini Türkiyədə təbii fəlakətdən zərər görən qardaş-bacısı ilə yarı bölməyə qərar verdi. İctimai fəal Orxan Məmmədov deyir ki, bu günə qədər Azərbaycandan qardaş Türkiyəyə göndərilən yardımlar və hazırda da yardım kampaniyasının davam etməsi  Azərbaycan və Türkiyə "Bir millət-iki dövlət" olaraq həm sevincli, həm də, kədərli günlərdə bir birinin yanında, qardaş xalq və dövlət olaraq hər zaman bir yerdə olduğunun göstəricisidir. O bildirib ki,  bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın qardaş dəstəyi də bu reallığı təsdiqləyir: "Zəlzələ ilə bağlı Türkiyəyə  ilk və ən böyük dəstək göstərən ölkə də, məhz Azərbaycandır. Azərbaycan hər zaman olduğu kimi, zəlzələdən sonra, ilk dəqiqələrdən, ilk saatlardan yenə qardaş Türkiyənin yanında oldu. Azərbaycan öz dəstəyini, öz həmrəyliyini həmişə olduğu kimi, bu gün də, nümayiş etdirir. Əgər bu acı faciənin fəsadlarının aradan qaldırılmasına bir balaca kömək edə bilmişiksə, bunu özümüz üçün şərəf bilirik. Təbii ki, Azərbaycan sona qədər öz dəstəyini göstərəcəkdir. Ölkəmizdən davamlı olaraq zəlzələ zonasına həkimlər, xilasedicilər, könüllülər göndərilir və bundan sonra da, göndəriləcəkdir. Burada Azərbaycan vətəndaşlarının Türkiyədə zəlzələdən zərərçəkənlərə könüllü yardım göstərmələri də xüsusi vurğulanmalıdır. Bir neçə gündür ki, nəinki paytaxt Bakıda, eləcə də, respublikamızın müxtəlif bölgələrində də vətəndaşlarımız türk qardaş və bacılarımıza dəstək olmaq üçün bütün imkanlarını səfərbər edib. Sadə vətəndaşlarımızın fədakarlığı hər kəsi duyğulandırmaqla yanaşı qürur hissi yaradır". Orxan Məmmədiv diqqətə çatdırıb ki,  artıq, bütün aidiyyati strukturlarımız bu işə səfərbər olub: "Biz birik, hər zaman da bir olacağıq. Qardaş ölkəyə yardımlarda sadə vətəndaşlarımızın da fəal iştirakı qürurvericidir. İlk gündən "Qardaş Türkiyə yanındayıq" çağırışı birliyimizin, həmrəyliyimizin təntənəsi oldu. Bu gün, Azərbaycan xalqının könüllü olaraq qardaş ölkəyə yardımlar göstərməsi fonunda bütün dünyaya bir daha nümayiş etdiririk ki, təkcə dövlətlərarası, dövlət başçıları deyil, sadə vətəndaşlar səviyyəsində də əsl qardaşlıq əlaqələri mövcuddur. Bütün bunlar bir daha təsdiqləyir ki, sadə  insanlar səviyyəsində də əsl qardaşlıq, mənəvi amillər bizi bir birimizə bağlayır".

Orxan Məmmədov onu da deyib ki, dövlət orqanları ilə yanaşı, özəl şirkətlər, vətəndaş cəmiyyəti institutları da bu prosesə töhfə verməyə çalışırlar: "Bunlarla yanaşı, Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyı" adlı platforma yaradıblar. Bütün bunlar, mərhəmət, şəfqət, humanizm nümunəsi olmaqla yanaşı, həm də, milli birliyimizin göstəricisidir. Azərbaycanda dövlət və xalq arasında milli həmrəyliyin, qarşılıqlı etimadın, inamın ifadəsidir. Ümumiyyətlə, Türkiyənin bu kədərli günündə nəinki dövlət qurumları, QHT-lər, uşaqdan-böyüyə hər bir azərbaycanlı ürək dolu sevgiləriylə qardaş, bacılarının yanındadırlar".

Füzuli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31