Əbu-Dabi görüşü öncəsi təhlil: Rusiya və Ukrayna kompromisə hazırdırmı? – ÖZƏL
4 Noyabr 12:58 SiyasətABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoffun verdiyi məlumata görə, amerikalı danışıqçılar bu həftə Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, Aİ və NATO nümayəndələri ilə görüşəcəklər. Görüşdə Kiyevə yardım, müharibədən sonrakı təhlükəsizlik zəmanətləri, Avropanın təhlükəsizlik arxitekturası və Ukraynanın bərpası məsələləri müzakirə olunacaq.
"Amerikanın təklif etdiyi maddələri Avropanın qəbul edəcəyini söyləmək hələ tezdir. Çünki Ukrayna ilə bağlı məsələlər artıq neçə ildir ki, ciddi şəkildə müzakirə olunur və tərəflər, bir qayda olaraq, ortaq razılığa gələ bilmirlər".
Bu sözləri mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. Siyasi şərhçi bildirib ki, Ukrayna üçün təhlükəsizlik məsələsi də yeni deyil. Düzdür, Ukrayna NATO-nun 5-ci maddəsinə bərabər təhlükəsizlik zəmanəti istəyir və bu barədə amerikalılarla, eləcə də Avropa ölkələri ilə xeyli müzakirələr aparılır. Amma görünən odur ki, bu məsələdə də hələ yekun razılıq əldə olunmayıb. İlk növbədə, yəqin ki, Rusiya Ukrayna ilə danışıqlar aparacaq. Düşünürəm ki, burada da kompromis əldə olunması ehtimalı azdır. Çünki Rusiya ərazi məsələsində güzəştə getmək istəmir, Ukrayna isə atəşkəsə nail olmağa çalışır. Rusiya atəşkəsdən razı deyil, Ukrayna isə ərazilərini vermək istəmir. Yəni əsas və həlledici məsələlərdə tərəflərin razılığa gəlməsi mümkün olmur. Digər, daha çox texniki və ya ikinci dərəcəli məsələlərdə müəyyən razılaşmalar əldə olunsa belə, bu, problemin mahiyyətini dəyişmir. Hər halda, bu məsələlərə bir qədər texniki yanaşmaq lazımdır. Düşünürəm ki, burada əsas məsələ tərəflərin fundamental mövqeləri ilə bağlıdır.
Səidə Ramazanova