Azərbaycanın hərbi Zəfəri Qarabağda yeni tarixi mərhələnin başlanğıcını qoydu-Özəl

"Şuşanın azad edilməsinin elan olunduğu 8 Noyabr tarixinin Zəfər Günü kimi qeyd edilməsi təsadüfi deyil. Çünki Şuşanın azadlığı Vətən müharibəsində əldə olunan tarixi qələbənin kulminasiya nöqtələrindən biri idi. Bu tarix Azərbaycan xalqının milli qürur hissini daha da gücləndirdi. Dünyaya nümayiş etdirildi ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək əzmində olan güclü dövlətdir. Zəfər Günü həm də bir həqiqəti bütün dünyaya göstərdi: Azərbaycan xalqı öz torpaqlarını unutmayıb, Vətən sevgisini heç zaman itirməyib və haqq uğrunda mübarizədən geri çəkilməyib. Bu Zəfərin arxasında illərlə aparılan ordu quruculuğu, iqtisadi inkişaf, diplomatik fəaliyyət və ən əsası, xalq-dövlət birliyi dayanırdı". "Olaylar" xəbər verir ki, bunu YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov deyib: "Hər bir böyük Zəfərin arxasında böyük fədakarlıq dayanır. Azərbaycanın 2020-ci ildə qazandığı tarixi qələbə də şəhidlərimizin müqəddəs qanı ilə yazıldı. Minlərlə Azərbaycan oğlu Vətən torpağının azadlığı uğrunda canından keçdi. Onlar ən müqəddəs amal - Vətənin bütövlüyü naminə həyatlarını fəda etdilər. Şəhidlərimizin hər biri Azərbaycanın Zəfər tarixinin qəhrəmanıdır. Onların həyatı, döyüş yolu və göstərdikləri şücaət gələcək nəsillər üçün əsl Vətən sevgisi nümunəsidir. Bu gün azad Qarabağın hər bir guşəsində şəhidlərimizin xatirəsi yaşayır. Dalğalanan bayrağımızda, yenidən qurulan şəhər və kəndlərimizdə, doğma torpağına qayıdan insanların sevincində onların əmanəti və arzusu var.

Azərbaycanın hərbi Zəfəri Qarabağda yeni tarixi mərhələnin başlanğıcını qoydu. Artıq azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Vaxtilə işğal nəticəsində dağıdılmış şəhər və kəndlər yenidən qurulur, yollar və infrastruktur layihələri həyata keçirilir, yaşayış məhəllələri salınır, məktəblər, xəstəxanalar və digər sosial obyektlər inşa edilir. Böyük Qayıdış prosesi nəticəsində uzun illər doğma yurd həsrəti ilə yaşayan insanlar öz torpaqlarına qayıdırlar. Bu qayıdış sadəcə insanların yaşayış yerinə dönməsi deyil. Bu, tarixin yenidən canlanması, həyatın işğaldan azad edilmiş torpaqlara geri qayıtmasıdır. Bu gün Qarabağda yeni şəhərlər, kəndlər və yaşayış məntəqələri qurulur. Qarabağın bərpası Azərbaycanın Zəfərinin yalnız hərbi nəticələrlə məhdudlaşmadığını, bu qələbənin quruculuq və inkişafla davam etdiyini göstərir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31