Milli-mənəvi dəyərlərimiz niyə aşılanmaya məruz qalır?

"Bu gün Azərbaycan cəmiyyətində ən ciddi narahatlıq doğuran məsələlərdən biri gəncliyimizin bir hissəsində milli-mənəvi dəyərlərin aşınması, milli kimliyə laqeyd münasibət və mənəvi məsuliyyət hissinin zəifləməsidir. Bunu demək ağırdır, amma həqiqəti görməməzliyə vurmaq daha böyük təhlükədir". "Olaylar" xəbər verir ki, bunu Vəkil-hüquqşünas Rövşən Qasımov deyib: "Təəssüf ki, bəzi gənclərimiz müasirliyi öz kökündən uzaqlaşmaqda, azadlığı sərhədsiz davranmaqda, cəsarəti həyasızlıqda, özünə hörməti isə başqalarına yuxarıdan aşağı baxmaqda görürlər. Elə bilirlər ki, bahalı telefon, dəbli geyim, sosial şəbəkələrdə nümayiş etdirilən həyat tərzi insanın səviyyəsini müəyyən edir. Halbuki insanın səviyyəsini cibindəki pul deyil, beynindəki düşüncə, qəlbindəki vicdan, davranışındakı tərbiyə müəyyən edir.
Böyüyə hörmətin azaldığı, valideyn sözünün əhəmiyyətsiz sayıldığı, ailə məsuliyyətinin yük kimi qəbul edildiyi, dostluğun pula və mənfəətə bağlandığı bir mühitdə hansı mənəvi inkişafdan danışa bilərik? Dünən dost dediyinə bu gün marağı bitdiyi üçün arxa çevirən, verdiyi sözə sahib çıxmayan, çətin gündə insanları tək qoyan bir düşüncə ilə nə sağlam cəmiyyət qurmaq olar?
Daha acınacaqlısı odur ki, bəzi gənclər öz ana dilində düzgün danışmağa, milli tarixini öyrənməyə, adət-ənənələrini yaşatmağa maraq göstərmirlər. Yad mədəniyyətləri kor-koranə təqlid etməyi inkişaf hesab edir, öz milli kimliyinə sahib çıxmağı isə köhnəlmiş düşüncə kimi qiymətləndirirlər. Halbuki dünyaya açılmaq öz qapını bağlamaq, başqa xalqları tanımaq öz xalqını unutmaq demək deyil. 
Qeyrət başqasını alçaltmaq deyil, öz ləyaqətini qorumaqdır. Kişilik kobudluq etmək deyil, məsuliyyət daşımaq, sözünün sahibi olmaqdır. Qadına hörmət etmək, ailənin qədrini bilmək, valideynin zəhmətini unutmamaq insanlığın əsas göstəricilərindəndir. Azadlıq isə istədiyini etmək deyil, etdiyinin məsuliyyətini daşımaqdır.
Bu gün bəzi gənclərimiz şöhrəti şəxsiyyətdən, pulu mənəviyyatdan, görüntünü həqiqətdən, şəxsi marağı Vətən və xalq mənafeyindən üstün tuturlar. Sosial şəbəkələrdə özlərini böyük şəxsiyyət kimi təqdim edənlərin bəziləri real həyatda bir insanın dərdinə şərik olmağı, bir böyüyə hörmət etməyi, bir ehtiyacı olana əl uzatmağı bacarmırlar. Bu, inkişaf deyil, mənəvi boşluqdur!
Bir xalqın gələcəyini yalnız universitet diplomları, binalar, yollar və texnologiyalar müəyyən etmir. Onun gələcəyini vicdanlı, savadlı, məsuliyyətli, milli düşüncəli və mənəviyyatlı insanlar müəyyən edir. Gənclik öz tarixini bilmirsə, dilinə sahib çıxmırsa, ailəsinə hörmət etmirsə, Vətən qarşısında məsuliyyət hiss etmirsə, onda sabahımızı hansı təməllər üzərində quracağıq?
Əlbəttə, bütün Azərbaycan gəncliyini bu cür qiymətləndirmək haqsızlıq olardı. Vətəninə bağlı, zəhmətkeş, savadlı, tərbiyəli, milli dəyərlərinə sahib çıxan minlərlə gəncimiz var. Onlar xalqımızın qürurudur. Amma mövcud problemləri də susaraq ört-basdır etmək olmaz.
Mənim gəncliyimizə bir çağırışım var: Özünüzü itirməyin! Başqasına bənzəmək xatirinə özünüz olmaqdan imtina etməyin. Ana dilinizi qoruyun, tarixinizə sahib çıxın, valideyninizin qədrini bilin, ailənizə sədaqətli olun, dostluğunuzu mənfəətə qurban verməyin. Vətəni yalnız bayramlarda, tribunalar qarşısında deyil, gündəlik davranışınızda, əməyinizdə və məsuliyyətinizdə sevin.
Unutmayın, millətin gəncliyi mənəvi cəhətdən zəifləyərsə, onun gələcəyi də zəifləyər. Öz kökünə, tarixinə, dilinə və milli kimliyinə sahib çıxmayan gənclik gələcək nəsillərə nəyi miras qoyacaq?
Bizə yalnız dəbli geyinən, bahalı telefon işlədən, sosial şəbəkələrdə məşhurlaşan gənclik lazım deyil. Bizə sözü bütöv, vicdanı təmiz, əxlaqı sağlam, düşüncəsi milli, biliyi güclü, Vətəninə sədaqətli və xalqının qarşısında məsuliyyət daşıyan gənclik lazımdır.
Azərbaycan gəncliyi, Müasir ol, amma mənəviyyatını itirmə" Azad ol, amma tərbiyəni unutma! Dünyanı tanı, amma öz xalqını unutma! Ucal, amma kökünü danma! Çünki bir xalqı məhv edən ilk növbədə düşmənin silahı deyil, bəzən öz daxilində baş verən mənəvi aşınmadır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31