AYGÜN ATTAR: “YƏMƏNDƏ ÖLƏN KİM, QAZANAN KİM?” OXUCUNU ÇƏTİN SUALLARLA ÜZ-ÜZƏ QOYUR

Tanınmış siyasi tarixçisi, Türkiyə Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri professor - doktor Aygün Attar, iqtisadçı alim, hüquqşünas və geosiyasi ekspert ekspert Cavid Əjdəroğlu İsmayılın "Yəməndə Ölən Kim, Qazanan Kim?" kitabının redaktoru olmaqla yanaşı, əsər haqqında rəyini də bölüşüb. Professor kitabın Yəmən münaqişəsinin tarixi, geosiyasi və insani tərəflərinə geniş baxış təqdim etdiyini, oxucunu isə müharibə, güc, coğrafiya və insan taleyi ilə bağlı mühüm və çətin suallar üzərində düşünməyə sövq etdiyini bildirib.

ONN media həmin yazını oxuculara təqdim edir:

Prof.,Dr. Aygün Attar

Bəzi coğrafiyalar vardır ki, tarix onları yalnız üzərində yaşayan xalqların iradəsi ilə formalaşdırmır. Mövqeləri, keçid yolları, limanları, boğazları və böyük güclərin strateji hesablamaları bu coğrafiyaların taleyinə daim müdaxilə edir. Yəmən bunun dünya siyasi tarixində ən diqqətçəkən nümunələrindən biridir.

Əlinizdəki "Yəməndə Ölən Kim, Qazanan Kim?" adlı əsər elə adından başlayaraq oxucunu asan cavabları olmayan bir sualla üz-üzə qoyur. Çünki Yəməndə uzun illərdir davam edən münaqişəni yalnız daxili müharibə, məzhəb qarşıdurması və ya regional nüfuz rəqabəti kimi izah etmək mümkün deyil. Yəmən məsələsi tarix, coğrafiya, dövlət imkanları, regional rəqabət, qlobal güc mübarizəsi və ən əsası insan amilinin bir-birinə qovuşduğu çoxqatlı geosiyasi düyündür.

Yəməni anlamaq üçün əvvəlcə xəritəyə baxmaq lazımdır, lakin yalnız xəritəyə baxmaq kifayət etmir.

Bab əl-Məndəb, Ədən körfəzi, Qırmızı dəniz və Hind okeanı arasında uzanan bu coğrafiyanın dünya ticarəti baxımından daşıdığı əhəmiyyət Yəmənin tarix boyu niyə xarici güclərin maraq dairəsində olduğunu izah edən əsas amillərdən biridir. Soyuq müharibə illərində Ədən və ətrafının daşıdığı strateji dəyər ilə bu gün Qırmızı dənizdə yaşanan təhlükəsizlik böhranları arasında aktorlar baxımından böyük fərqlər olsa da, dəyişməyən bir həqiqət vardır: Coğrafiya Yəmənin taleyində fövqəladə dərəcədə müəyyənedici amildir.

Lakin geosiyasətin bəlkə də ən böyük təhlükəsi məhz burada başlayır: Xəritəyə baxarkən insanı itirmək.

Dövlətləri yalnız xəritədəki mövqelərindən, limanlarından, enerji yollarından və hərbi əhəmiyyətindən ibarət görməyə başladığımız zaman həmin coğrafiyanın əsas ünsürünü gözdən qaçırırıq. Halbuki Yəmən boğazdan, limandan və ya strateji sahil zolağından ibarət deyil. Yəmən insanları, şəhərləri, tarixi yaddaşı, mədəniyyəti və gələcəyini öz ölkəsində qurmaq istəyən milyonlarla insanı ilə bir vətəndir.

Böyük güclərin strategiya sənədlərində bir neçə sətirlə ifadə edilən təhlükəsizlik probleminin Yəmənli bir ailə üçün qarşılığı bəzən itirilmiş ev, bəzən aclıq, bəzən köç, bəzən də bir daha geri qayıtmayacaq övlad deməkdir.

Məhz burada əlinizdəki əsərin başlığındakı sual öz mənasını qazanır: Ölən kim, qazanan kim?

Bu sual əslində Yəməni aşır. Çünki bizə müharibələrin, güc mübarizələrinin və geosiyasi rəqabətlərin dəyişməz mənəvi məsələsini xatırladır: Strategiyanı kim qurur və bədəlini kim ödəyir?

Beynəlxalq münasibətlər tarixi bizə müharibələrdə "qalib" anlayışının çox vaxt göründüyündən daha mürəkkəb olduğunu öyrədir. Bir dövlət nüfuz dairəsini genişləndirə bilər, başqa bir aktor strateji keçid nöqtəsində üstünlük əldə edə bilər, yeni ittifaqlar yarana bilər, hərbi balans dəyişə bilər, ticarət və enerji yolları yenidən formalaşa bilər. Lakin bütün bunları müharibənin insani nəticələri ilə qarşılaşdırdıqda "qələbə" və "qazanc" anlayışlarını yenidən düşünmək məcburiyyətində qalırıq.

Əlinizdəki əsər məhz buna görə yalnız Yəməndə kimin müharibə apardığını izah etməklə kifayətlənmir. Oxucunu "Bu münaqişə niyə davam edir, hansı tarixi və geosiyasi dinamikalardan qidalanır və yaranmış vəziyyət hansı aktorlara hansı imkanları yaradır?" sualları ilə üz-üzə qoyur.

Əsərin diqqətçəkən cəhətlərindən biri Yəməni yalnız bugünkü hadisələr üzərindən oxumamasıdır. Soyuq müharibə dövründən bu günə qədər uzanan tarixi xətt Sovet İttifaqının Cənubi Yəmənlə münasibətlərindən İranın regional nüfuzuna, Səudiyyə Ərəbistanının təhlükəsizlik narahatlıqlarından ABŞ və Avropa ölkələrinin Qırmızı dəniz siyasətinə qədər geniş perspektivdə nəzərdən keçirilir.

Bu tarixi davamlılıq bizə mühüm bir həqiqəti xatırladır: Aktorlar dəyişir, lakin strateji coğrafiyanın əhəmiyyəti asanlıqla dəyişmir.

Nəticə etibarilə Yəmənin müasir tarixi coğrafiyanın siyasi tale üzərindəki müəyyənedici təsirinin sanki laboratoriyasıdır. Soyuq müharibə başa çatıb, Sovet İttifaqı tarix səhnəsindən çəkilib, regional ittifaqlar dəyişib, yeni aktorlar meydana çıxıb, lakin Ədən körfəzi yenə öz yerindədir, Bab əl-Məndəb yenə dünya ticarətinin mühüm keçidlərindən biri, Qırmızı dəniz isə qlobal iqtisadiyyatın mühüm damarlarından biri olaraq qalır.

Bu məqamda əsər keçmişlə bu günü bir araya gətirərək oxucuya mühüm düşüncə sahəsi açır. Yəməndə baş verənləri yalnız bugünkü hərbi cəbhələr üzərindən oxumaq əvəzinə, tarixi davamlılıqları və dəyişən güc balanslarını birlikdə qiymətləndirmək məsələnin daha sağlam başa düşülməsi baxımından əhəmiyyətlidir.

Bununla belə, geosiyasi təhlildə zamanlama ilə səbəbiyyət arasındakı fərqi diqqətlə qorumaq lazımdır. Eyni dövrdə baş verən regional hadisələr arasında əlaqələr və qarşılıqlı təsirlər ola bilər, lakin eyni vaxtda baş vermə həmişə vahid mərkəz, vahid plan və ya birbaşa səbəb-nəticə əlaqəsi demək deyil. Bu səbəbdən əsərdə irəli sürülən bəzi sualların qəti hökmlərdən daha çox müzakirəyə açılmış geosiyasi ehtimallar kimi oxunmasının daha doğru olduğu qənaətindəyəm.

Onsuz da keyfiyyətli araşdırmanın dəyəri yalnız cavab verməsində deyil, doğru suallar verə bilməsində də ortaya çıxır.

Türkiyənin dəyişən regional rolu da əsərdəki müzakirənin mühüm istiqamətlərindən biridir. Yaxın Şərqdən Qafqaza, Şərqi Aralıq dənizindən Qırmızı dəniz və Afrikaya qədər uzanan geniş coğrafiyada Türkiyənin diplomatik, iqtisadi, hərbi və texnoloji imkanlarının getdikcə daha görünən hala gəlməsi regional balansların qiymətləndirilməsində nəzərə alınmalı mühüm reallıqdır.

Lakin dövlətin artan imkanlarının davamlı dəyəri yalnız malik olduğu hərbi imkanlarla ölçülə bilməz. Əsas məsələ bu imkanların sülhə, sabitliyə, iqtisadi əlaqəliliyə və regional əməkdaşlığa nə dərəcədə çevrilə bilməsidir. Türkiyə baxımından da qarşıdakı dövrün əsas məsələlərindən biri artan regional və qlobal təsirini uzunmüddətli sabitlik yaradan mexanizmlərə çevirmək olacaq.

Məncə, Yəmən nümunəsinin bizə verdiyi ən mühüm dərslərdən biri də budur.

Bir regionun təhlükəsizliyi yalnız kənardan gətirilən hərbi imkanlarla davamlı şəkildə təmin edilə bilməz. Dövlət institutlarının gücləndirilmədiyi, iqtisadi və sosial problemlərin aradan qaldırılmadığı, cəmiyyətlərin siyasi sistemdə iştirakının təmin edilmədiyi və regional aktorlar arasında davamlı diplomatik mexanizmlərin yaradılmadığı coğrafiyalarda hərbi üstünlük təkbaşına sülh demək deyil.

Yəmən bunun ağır bədəlini uzun illərdir ödəyir.

Üstəlik, Yəmən faciəsi bizə başqa bir acı həqiqəti də göstərir: Eyni coğrafiyanın insanları müharibə apararkən münaqişənin strateji hesablamaları çox vaxt həmin coğrafiyadan çox uzaqlardakı mərkəzlərdə aparıla bilir. Yerli kövrəkliklər regional rəqabətlərlə, regional rəqabətlər isə qlobal güc mübarizələri ilə birləşdikdə müharibənin niyə başladığını izah etmək qədər, niyə sona çatdırıla bilmədiyini anlamaq da çətinləşir.

Bu səbəbdən əsərin başlığındakı "qazanan kim?" sualı xüsusilə əhəmiyyətlidir.

Çünki müharibələrdə qazanc həmişə ərazi ilə ölçülmür. Bəzən nüfuz dairəsinin genişlənməsi, bəzən strateji marşrut üzərində təzyiq imkanının əldə edilməsi, bəzən rəqibin resurslarının tükədilməsi, bəzən də yaranmış təhlükəsizlik boşluğundan istifadə "qazanc" kimi qəbul edilə bilər. Lakin dövlətlərin strateji hesablamalarında qazanc sütununa yazılanların qarşılığında müharibənin real bədəlini daşıyan insanların itkiləri dayanır.

Məhz burada geosiyasətlə vicdan arasındakı sərhəd qarşımıza çıxır.

Xəritələr dövlətlərin maraqlarını göstərə bilər. Hərbi hesabatlar güc balanslarını izah edə bilər. İqtisadi təhlillər ticarət yollarının dəyərini hesablaya bilər. Lakin heç bir xəritə övladını itirən ananın ağrısını göstərə bilməz.

Bu səbəbdən Yəmən haqqında danışarkən Bab əl-Məndəbə yalnız "strateji keçid nöqtəsi", Ədənə yalnız "liman", Sokotraya yalnız "geosiyasi mövqe" kimi baxmaq olmaz. Çünki geosiyasətin mərkəzində nəhayət insan dayanır.

Bu baxımdan "Yəməndə Ölən Kim, Qazanan Kim?" yalnız Yəmən haqqında məlumat verən bir əsər olmaqdan kənara çıxaraq oxucunu müharibə, güc, coğrafiya və insan arasındakı münasibət üzərində yenidən düşünməyə çağırır.

Əsərdə irəli sürülən bütün qiymətləndirmələrlə razılaşmaq məcburiyyətində deyilik. Onsuz da fikir və araşdırma əsərlərinin dəyəri oxucuya hazır hökmlər vermələrindən daha çox, onu düşünməyə, sorğulamağa və lazım gəldikdə müəlliflə mübahisə etməyə dəvət etmələrindədir.

Məncə, bu əsərin dəyərli tərəflərindən biri də məhz budur.

Müəllif Yəmən kimi son dərəcə mürəkkəb, aktorları və maraqları daim dəyişən bir məsələni yalnız cari hadisələr üzərindən oxumaqla kifayətlənməmiş, tarixi arxa planı, strateji coğrafiyanı və regional güc mübarizələrini eyni çərçivə daxilində qiymətləndirməyə çalışmışdır. Oxucunu hazır cavabların rahatlığına dəvət etmək əvəzinə, çətin sualların ardınca getməyə üstünlük vermişdir. Araşdırmanın dəyəri də bir qədər burada gizlənir: Məlum olanları təkrarlamaqdan daha çox, görünənin arxasındakı əlaqələri sorğulamaq və oxucunun qarşısında yeni düşüncə sahələri açmaq.

Hər sətirində ciddi araşdırma səylərinin, cari inkişafların yaxından izlənilməsinin və baş verənlərin daha geniş tarixi-geosiyasi çərçivəyə yerləşdirilməsi cəhdinin hiss olunduğu "Yəməndə Ölən Kim, Qazanan Kim?" mövzuya maraq göstərən oxucular qədər regional prosesləri izləyən tədqiqatçıların da diqqətlə oxuyacağı bir əsər xüsusiyyətini daşıyır.

Bu qədər çətin və çoxqatlı məsələyə müraciət etmək cəsarəti göstərən, uzunmüddətli araşdırma və intellektual zəhmətlə bu əsəri ortaya qoyan dəyərli müəllifi ürəkdən təbrik edirəm. Əsərinin geniş oxucu kütləsinə çatmasını, yeni müzakirələrə, yeni suallara və yeni araşdırmalara yol açmasını arzulayıram.

İnanıram ki, yaxşı kitabın uğuru bütün suallara cavab verməsində deyil, kitab bağlandıqdan sonra da oxucunun zehnində yaşamağa davam edən suallar buraxa bilməsindədir.

Bu əsər həmin sualı elə üz qabığından verir: Yəməndə ölən kim, qazanan kim?

Bəlkə buna daha bir sual əlavə etmək lazımdır: Bir ölkənin coğrafiyası onun ən böyük sərvəti olmalı ikən, hansı şərtlər daxilində həmin ölkənin ən ağır taleyinə çevrilir?

Və bəlkə bütün geosiyasi hesablamaların üzərində dayanan əsas sual budur: Bir coğrafiyanın strateji dəyərindən danışarkən, həmin coğrafiyada yaşayan insanın həyatını nə vaxt yenidən mərkəzə qoyacağıq?

Bu suallara veriləcək cavabların yalnız Yəmənin deyil, bu gün münaqişələrlə formalaşan geniş bir coğrafiyanın gələcəyini anlamağımıza töhfə verəcəyinə inanıram.

Müəllifin böyük zəhmət və diqqətlə ortaya qoyduğu bu əsərin düşüncə dünyamıza töhfə verməsini və layiq olduğu marağı görməsini arzulayır, özünü bu qiymətli əsər münasibətilə bir daha təbrik edirəm.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31