Əmək mübahisələrinin həllində mediasiya və həmkarlar ittifaqlarının rolu əhəmiyyətlidir-Özəl
12:01 SosialBeyləqan Rayon İcra Hakimiyyətinin dəstəyi, Mediasiya Şurası və Beyləqan 1 saylı Mediyasiya təşkilatının təşəbbüsü ilə əmək mübahisələrinin həllində mediasiyanın və həmkarlar ittifaqlarının roluna həsr olunmuş maarifləndirici tədbir keçirilib. Mediasiya Şurasından "Olaylar"a bildirilib ki, Beyləqan 1 saylı mediasiya təşkilatının mediatoru Mehman Əliyev, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Beyləqan Rayon Komitəsinin sədri Tahir Həsənov, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Beyləqan rayon nümayəndəsi Elvin Məmmədov və digər çıxış edənlər əmək münasibətlərində yaranan mübahisələrin həlli yolları, mediasiyanın üstünlükləri və həmkarlar ittifaqlarının işçilərin hüquqlarının müdafiəsində rolu barədə danışıblar.
Çıxışlar zamanı əmək mübahisələrinin qarşılıqlı razılıq və dialoq əsasında həllində mediasiyanın əhəmiyyəti diqqətə çatdırılıb. Mediasiyanın tərəflər arasında anlaşmanın təmin olunmasına, mübahisələrin çevik və səmərəli həllinə, eləcə də əmək kollektivlərində sağlam münasibətlərin qorunmasına imkan yaratdığı vurğulanıb.
Həmçinin əmək münasibətlərinin qanunvericiliyin tələblərinə uyğun qurulması, işçilərin hüquqlarının qorunması, sosial tərəfdaşlığın gücləndirilməsi və mübahisələrin qarşısının alınmasında hüquqi maarifləndirmənin əhəmiyyəti qeyd olunub. Həmkarlar ittifaqları ilə mediasiya təşkilatları arasında əməkdaşlığın genişləndirilməsinin əmək münasibətlərində qarşılıqlı etimadın və konstruktiv dialoqun inkişafına töhfə verəcəyi bildirilib.