İtaliya-Azərbaycan əlaqələrinin inkişafı böyük coğrafiyanın maraqlarını təmin edir
17 Fevral 2023 10:50 SiyasətAzərbaycan-İtaliya xalqları çoxəsrlik tarixi keçmişə və ortaq dəyərlərə sahibdir. Tarixdən miras qalan bu dəyərlər bu gün də iki ölkə münasibətlərində özünü göstərir. Əlaqələr hər zaman yüksək səviyyəsi, çoxşaxəliliyi və nümunəvi dinamikası ilə seçilib. Məlumat üçün qeyd edək ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanımış, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada Səfirliyi təsis edilib. Azərbaycan İtaliya ilə iqtisadi əlaqələrinə böyük diqqət yetirir və onların inkişafında və güclənməsində maraqlıdır. Hələ 2006-cı ildə Azərbaycan Respublikası və İtaliya Respublikası arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya təsis edilib. Son illərdə iqtisadi məsələlər dairəsi daha da genişlənib. Belə ki, İtaliyanın yüksək dövlət nümayəndələri səviyyəsində ölkəmizə rəsmi səfərlər edilib. Son illər ərzində İtaliya davamlı olaraq Azərbaycanın xarici ticarət dövriyyəsinin ölkələr üzrə strukturunda birinci yerə sahib olan aparıcı ticarət tərəfdaşıdır. 2009-cu ildən etibarən iki ölkə arasında xarici ticarət dövriyyəsinin dinamikasına nəzər saldıqda, ticarətin sabit yüksək artım təmayülünün şahidi olmaq mümkün idi. Bununla belə, 2012-ci ildən başlayaraq sözügedən dövriyyədə eniş müşahidə olunmuşdur. Bu eniş Azərbaycanın neft ixracatının ümumilikdə azalması və dünya bazarında neft qiymətlərindəki qeyri-sabitliklə izah oluna bilər. AR Dövlət Gömrük Komitəsinin (DGK) statistik məlumatına görə, 2015-ci il üzrə iki ölkə arasında ticarət dövriyyəsi 2,84 milyard ABŞ dollarına (Azərbaycanın ümumi ticarət dövriyyəsinin 13,8%-i) bərabər olmuşdur. Bu göstəricinin 587,8 milyon ABŞ dolları İtaliyadan idxalatın, 2,25 milyard dolları isə İtaliyaya ixracatın payına düşmüşdür. Beləliklə, ticarət dövriyyəsində yüksək müsbət saldo göstəricisinə nail olunmuşdur. Xarici ticarət dövriyyəsində rekord göstərici 2011-ci ildə əldə edilmişdir (9,59 milyard ABŞ dolları). 2016-cı il ərzində İtaliya Azərbaycanın üçüncü ən iri ticarət tərəfdaşı kimi çıxış etmişdir. Bununla belə həmin il İtaliya Azərbaycanın ixracında birinci yeri tutmaqla, idxalında 7-ci yerdə qərarlaşmışdır.
Son illərdə də Azərbaycanla İtaliya arasında iqtisadi münasibətlər yüksək templə inkişaf etməkdə davam edir. Məlumdur ki, cari ilin 13 fevral tarixində Bakıda "Gülüstan" sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirilib. Qeyd edək ki, ölkəmizin enerji potensialı böyük dərəcədə güclənəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmi daha da artacaq. 2025-ci ildə Mingəçevir şəhərində yeni 1280 meqavat gücündə elektrik stansiyasının açılışı olacaq. Mingəçevir hazırda elektroenergetika sahəsində bizim əsas şəhərimizdir. Mingəçevirdə fəaliyyət göstərən elektrik stansiyası bu gün ölkəmizin elektrik enerjisinə ehtiyacının böyük hissəsini ödəyir. Müstəqilliyin ilk illərində məhz Mingəçevir Elektrik Stansiyası ölkəni elektrik enerjisi ilə təmin edirdi. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. Əsası qoyulan yeni İstilik Elektrik Stansiyası xarici tərəfdaşlarla birlikdə inşa ediləcək. Daha dəqiq, Stansiyanın tikintisində İtaliyanın və Çinin şirkətləri iştirak edəcək. Ölkələr arasındakı mövcud iqtisadi əməkdaşlıq deməyə əsas verir ki, İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakı təsadüfi deyil. İtaliya Azərbaycanın strateji tərəfdaşıdır. İtaliya ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanmışdır, yüksək səviyyəli qarşılıqlı səfərlər təşkil edilmişdir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev təməlqoyma mərasimindəki çıxışında qeyd edib ki, energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı İtaliya bazarına çatdırılır. TAP layihəsi birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, bunun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır: "Bütün istiqamətlər üzrə hədəflərə çatacağıq və necə ki, neft və qaz layihələri, eyni qaydada Azərbaycanın elektrik enerjisi də Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Əməkdaşlıq təkcə energetika sahəsi ilə məhdudlaşmır. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Hazırda Bakıda Azərbaycan-İtaliya Universitetinin yeni binası inşa edilir. Azad edilmiş torpaqlarda bərpa-yenidənqurma işlərində İtaliya şirkətləri çox fəal iştirak edirlər - dini abidələrin bərpası və tikintisi, qələbə muzeylərinin tikintisi və dizaynı". Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycanla İtaliya arasındakı əməkdaşlıq bütün sahələri əhatə edir və hazırda mövcud əlaqələr inkişaf mərhələsini yaşayır.
Alim