Laçının turizm potensialı Avropada tanınacaq

44 günlük Vətən müharibəsində tarixi zəfərimiz və torpaqlarımızın işğaldan azad edilməsindən sonra qarşıda duran növbəti mərhələ 30 ilə yaxın de emənilər tərəfindən dağıdılan, xarabalığa çevrilən bu ərazilərin yenidən qurulması, abadlaşdırılması, nəticə etibarilə azad edilən ərazilərimizə Böyük Qayıdışın başlanması idi. Müharibənin başa çatdığı iki ildən artıq müddətdə işğaldan azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri qarşıya qoyulan  qoyulan hədəflərə tezliklə nail olacağımıza böyük inam yaradır

Sevindirici haldır ki, işğaldan azad edilən ərazilərdə quruculuq-abadlıq işlərinin aparılması, azad edilən ərazilərə sərmayələrin qoyulmasında Azərbaycandan kənarda yaşayan iş adamlarımız da yaxından iştirak edir, bu prosesdə fəallıq nümayiş etdirirlər. Belə şəxslərdən biri də Polşa və Almaniyada fəaliyyət göstərən Sevara Group şirkətinin prezidenti Rəşad Quliyevdir. Məlumat üçün qeyd edək ki, əslən Laçından olan Rəşad Quliyevin rəhbərlik etdiyi şirkət sözügedən rayonda, Həkəri çayının sahilində turizm istirahət zonası yaratmağı qarşısına məqsəd qoyub və bu istiqamətdə hökumətlə aparılan danışıqların nəticəsi olaraq ümumi razılıq əldə edilib.

Hazırda qeyd edilən turizm layihəsinin detalları barədə danışan Rəşad Quliyev deyib ki, Rəhbəri olduğu Sevara Group Şirkətinin Laçın rayonunda, Həkəri çayı sahilində salınması nəzərdə tutulan "CamperPark Həkəri" - İstirahət düşərgəsinin xidmət qaydalarının yekun təqdimat da artıq təsdiqlənib:

"Belə ki, təbiətin hamımız üçün yeraltı və yerüstü sərvət olduğunu və hər kəsin ondan təmənnasız istifadə hüququnu nəzərə alaraq torpaq sahəsi dövlətdən icarəyə götürüləcək. Şəxsi əmlak olmasın deyə, heç bir ərazi hasarlanmayacaq və giriş hamı üçün ödənişsiz olacaq. İlkin olaraq çay sahili təmizlənməli və aparılacaq yaşıllaşdırma işləri çərçivəsində xeyli sayda həmişəyaşıl ağac və kollar, güllər, bitkilərin əkilməsi nəzərdə tutulur. Ərazidə heç bir tikinti-betonlama işləri aparılmayacaq. Yerləşdiriləcək olan səyyar evlər (Karavanlar) relyefə uyğun olaraq nizamlanmalı və nəticə etibarı ilə də bir ağac belə kəsilməməlidir".

Rəşad Quliyev qeyd edib ki, 01.05.2024-cü ildə işləri yekunlaşdıraraq ilkin olaraq 14 nəfərlik işçi heyəti ilə fəaliyyətə başlamaq, işçilərin hamısının Laçın rayonundan olması əsas prioritetdir: "Mərhələli şəkildə işçilərin sayının artırılması, ilin 12 ayı xidmət göstərmək, düşərgədə yerləşən 8 ədəd səyyar evlərdən savayı, əraziyə öz karavanı ilə gələn yerli və ya xarici turistlərə ödənişli əsaslarla müəyyən yerlərin ayrılması, habelə sanitar qovşaq və kommunaldan istifadə etmə imkanı yaratmaq,  yşıqlandırılma və elektrik enerjisi sərfiyyatında günəş panellərindən istifadə etmək nəzərdə tutulur.

Çadır düşərgələrinin və açıq havada uşaq oyun parklarının salınması, Həkəri çayında kanoe və avarçəkmə, ətraf dağlara, meşələrə, şəlalə və mağaralara ərazini tanıyan peşəkar bələdçilərin müşayəti ilə 4 təkərli quadlarla turların təşkili də nəzərdə tutulan tədbirlər sırasındadır". Şirkət rəhbəri onu da diqqətə çatdırıb ki, ərazidə beynəlxalq səviyyəli festivalların, müəyyən dövlət və ya qeyri dövlət, korporativ tədbirlərin keçirilməsi, şagird və ya tələbələrin tətil ekskursiyaları-lagerləri, habelə el şənliklərinin keçirilməsi kimi xidmətlər də mümkün olacaq: "Bundan başqa Dəmir yumruq abidəsinin ucadılması,  Şəhid polkovnik-leytenant Rəşad Xanlar oğlu Sadıqovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə onun adına bulaq kompleksinin inşası da ərazidə həyata keçiriləcək tədbirlər sırasında yer alıb".

Rəşad Quliyev onu da vurğulayıb ki, Laçında yeni yaradılacaq turizm istirahət zonası Almaniyada,  bütün Avropada təbliğ olunacaq: "Bununla da ölkəmizə turist sayının artmasının şahidi olacağıq. Gələcəkdə orada festivalların da keçirilməsi nəzərdə tutulur ki, bu da öz növbəsində Respublikamızı tanıtmaqda böyük rol oynayacaq". İş adamı sonda onu da diqqətə çatdırıb ki, Laçın tamamilə yenidən qurulur, ölkə başçısının uğurlu daxili və xarici siyasəti və uzaqgörənliyi həmçinin şəhid və qazi qardaşlarımızın göstərdikləri rəşadətlə biz artıq Laçına qayıdırıq: "Laçında hazırda güclü tikinti, quruculuq və bərpa işləri gedir. Laçın əvvəlki Laçın deyil. Bütün kommunikasiya sıfırdan qurulub. Güclü optik internet xətii belə var. Düşünürəm ki, hər bir laçınlı öz rayonu, şəhəri, kəndi üçün nələrsə etməlidir. Artıq ailəmlə bərabər Laçına köçməyi planlaşdırıram. Avropadan birbaşa Laçına. Bu proyektimlə, var gücümlə Laçını dünyada tanıtmaq üçün çalışıram. Əl-ələ verək və gözəl layihələrə dəstək olaraq, yeni iş yerlərinin açılması və Laçınımızın gözəlləşməsi üçün əlimizdən gələni əsirgəməyək"

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31