Rusiyanın Vardanyan üzərindən gizlənpaç oyunu

Qarabağda Vardanyan müəmması davam edir. Gah Vardanyan gizli yolla Rusiya sülhməramlıları tərəfindən çıxarılıb Moskvaya göndərilir, gah da qısa bir müddət keçmədən Ruben yenidən Qarabağda peyda olur. Bir növ Rusiya Vardanyan üzərindən Azərbaycanla gizlənpaç oyunu oynayır. Baş verənlərə isə sülhməramlılar təəssüf ki, heç bir aydınlıq gətirmir. Məntiqi nəticə isə ondan ibarətdir ki, Ruben Vardanyanın Rusiyanın adamı olması ehtimalı özünü indi daha çox doğruldur. Əks təqdirdə Rusiya sülhməramlıları separatçılıqla məşğul olan iş adamının tez-tez Qarabağdan İrəvana, hətta Moskvaya gedib-gəlməsinə şərait yaratmazdılar. Görünın odur ki, bu gün Ruben Rusiya üçün nəinki Arutunyan, hətta Paşinyandan belə daha yaxın və etibarlı adamdır. Arutunyanı kobud dildə desək it yerinə qoymayan, Paşinyana isə saymazyana münasibət sərgiləyən Kreml Vardanyan üçün əsim-əsim əsir. Bu da onu deməyə əsas verir ki, Rusiyanın Vardanyanı Paşinyanın yerinı hazırlaması barədə deyilənlər özünü tədricən doğruldur. Elə Nikolun da bu səbəbdən avropalı polis və jandarmları mülki missiya adı altında Ermənistana dəvət etməsi məhz Rusiyanın mümkün çevriliş variantından sığortalanmaq cəhdidir.

Hadisələrin gedişatı isə onu göstərir ki, Rusiya Vardanyan kartından vaz keçmək niyyətində deyil. Kreml onu İrəvanda Paşinyanla əvəzləmək üçün istənilən addımı atmağa hazırdır. Çünki burada əsas məsələ Ermənistanın Rusiyanın əlindən çıxmasından gedir. Kremldə gözəl anlayırlar ki, Avropa İttifaqının mülki missiyasının Ermənistana gəlməsi Ukrayna ilə müharibə fonunda Moskvanın düşməninə çevrilmiş Qərbin Rusiyanı bir növ həlqəyə alması deməkdir. Ona görə də Moskva İrəvanda öz istədiyi kadrı otuzdurmaq üçün hətta əlindəki Qarabağ kartından belə istifadə etməyə, daha doğrusu bu kartdan separatrçıların deyil, məhz özünün maraqları naminə yararlanmağa üstünlük verəcək. Hər halda bu arada Ermənistan mətbuatının yaydığı informasiyalar da müəyyən mənada deyilənləri təsdiqləyir. Belə ki, Ermənistanın kütləvi informsiya vasitələrinin verdikləri məlumatına görə, fevralın 14-dən etibarən Azərbaycan tərəfi hətta Laçın dəhlizində hərəkət edən Rusiya sülhməramlılarının maşınlarına da ətraflı baxış keçirir, Qarabağa daxil olan və çıxan bütün maşınlar, o cümlədən Rusiya sülhməramlılarına məxsus avtomobillər Azərbaycan hərbçiləri tərəfindən saxlanılır və hərtərəfli axtarışdan keçirilir.  Hərbi ekspert Ədalət Verdiyev deyir ki, bu Azərbaycan hamının çoxdan gözlədiyi xəbərdir: "Bu yoxlamalar təbii ki, çoxdan gözlənilirdi, amma Ruben Vardanyanın rus hərbçilər tərəfindən təkrar Xankəndinə qaytarılması prosesi sürətləndirdi. Əslində bu səpkili məlumatlara əvvəl də rast gəlmişik, lakin vizual görüntülər əlimizdə mövcud deyil. Bu yoxlamalar təəccüblü deyil, çünki Vətən Müharibəsi başa çatandan sonra əksəriyyət Laçın yoluna nəzarəti rus kontingentə etibar edilməsinin yanlış olduğunu bilirdi, amma bəzən realliqları sübut etmək üçün müəyyən zamana ehtiyac olur".

Ekspert hesab edir ki, ümumiyyətlə dünyanın heç bir yerində sülhməramlılar iki ölkə arasında giriş və çıxışa nəzarət etmir: "Onlar sülhü qorumaq və atəşkəsə nəzarət etmək üçün, həm də 6 aydan bir dəyişmək şərti ilə əraziyə yeridilir.  27 ay Qarabağda rotasiyasız (dəyişmədən) xidmət edən rus hərbçisi əlbəttə ki, həm Rubenin və ya digərinin 5-10 qəpiyinə, həm də Haykanuşun süzgün gözlərinə aşiq olacaq. Odur ki, necə ki, biz İraqda və Əfqanıstanda kontingentimizi dəyirşirdik, ruslar da eləcə komandandan son əsgərə qədər 6 aydan bir dəyişməlidir".

Ədalət Verdiyev onu da bildirib ki, Ruben Vardanyanın Qarabağdan ruslar tərəfindən Moskvaya qaçırılması və geri qaytarılması isə faktdır: "Ruben məhz qaçırılıb, çünki o gizlin şəkildə  Xankəndindən çıxarılıb. Arayik, eləcə də başqaları rusların əli ilə istəyəndə gedir, istəyəndə qayıdır. Yeri gəlmişkən A.Arutunyanın həbsi ilə bağlı Baş Prokurorluğun idarə rəisinin verdiyi bəyanatdan bu gün 1 il keçir. Hörmətli idarə rəisi verdiyiniz sözü tutun,  A.Arutunyanı, Ruben Vardanyanı və başqa seperatçıları da ya həbs edin, ya verdiyiniz bu bəyanatı geri götürün. Artıq gözləməkdən gözümüzün kökü saraldı".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31