Mirzoyanı Türkiyəyə gətirən səbəb
17 Fevral 2023 11:46 Siyasətİrəvan Türkiyədə baş verən təbii fəlakətdən öz maraqları üçün istifadə etməyə çalışır
Türkiyədə baş verən zəlzələdən sonra Ermənistanla əlaqələrin yumuşalması barədə fikirlər dolaşmaqdadır. Məlumata görə, Ermənistan və Türkiyə sərhədlərin üçüncü ölkə vətəndaşları üçün açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər. Bunu Ermənistan və Türkiyə arasında münasibətlərin nizamlanması üzrə danışıqlarda Türkiyənin xüsusi nümayəndəsi Serdar Kılıç "Armenpress"in müxbirinin sualını cavablandırarkən bildirib."Üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılmasına gəlincə, nazirimiz çıxışında qeyd etdi ki, bu məsələ ilə bağlı işə yeni təkan vermək üçün razılıq əldə olunub. İki nazir bu razılığa gəliblər və biz Marqara körpüsünün ən qısa zamanda istismara başlaması üçün əlimizdən gələni edəcəyik", - Türkiyənin xüsusi nümayəndəsi Ermənistan və Türkiyə XİN rəhbərlərinin Ankarada keçirilən görüşünün nəticələrini təqdim edərkən deyib. O, həmçinin son vaxtlar atılan addımların yaxın gələcəkdə münasibətlərin normallaşması prosesinə müsbət təsir edəcəyinə əminliyini ifadə edib. Xatırladaq ki, 2020-ci il noyabrın 9-da Azərbaycanla Ermənistan arasında imzalanan atəşkəs razılaşmasından bir ay sonra Prezident Recep Tayyip Erdoğandan sərhədləri açmaq barədə ilk pozitiv mesaj verib. "Əgər Ermənistan bu müddətdə müsbət istiqamətdə inkişaf edəcəksə, biz də Ermənistana qapılarımızı açarıq, ... Türkiyə-Ermənistan münasibətlərində də yeni bir səhifə açıla bilər". Yeri gəlmişkən qeyd edək ki, 1991-ci ildə Ermənistan Sovet İttifaqından ayrılaraq müstəqilliyini elan edəndə bu respublikanın müstəqilliyini tanıyan ilk ölkə Türkiyə olmuşdu. Ancaq iki il sonra Türkiyə Ermənistanla sərhədini bağladı. Buna səbəb Ermənistanın Azərbaycanın ərazisi olan Dağlıq Qarabağı işğal etməsi idi. Bununla da Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər kəsildi. Dağlıq Qarabağ işğalı müddətində Yerevan və Ankara arasında bəzi yaxınlaşma cəhdləri olsa da, Azərbaycanın sərt reaksiyası və qarşılıqlı istənilən güzəştlərə razılıq verilməməsi hər dəfə bu prosesi əngəllədi. Türkiyədə baş verən "Əsrin fəlakəti"ndən sonra yenidən sərhədlərin açılması məsələsi gündəmə gəlib. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdədir. Maraqlıdır indiki şəraitdə sərhədlərin açılması mümkündürmü və bunun Azərbaycan-Ermənistan münasibətlərinə təsiri nədən ibarət ola bilər?
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Türkiyədə səfərdə olduğunu xatırladan politoloq Turan Rzayev bildirib ki, onun Türkiyəyə səfəri təsadüfi və ya səbəbsiz deyil. Xüsusilə də Türkiyədə baş verən təbii fəlakət sonrası bu səfər diqqət çəkir: "Rəsmi İrəvan faktiki olaraq Türkiyədə baş verən təbii fəlakətdən öz maraqları üçün istifadə etməyə çalışır. Bunu istər hadisədən sonra rəsmi İrəvanın əraziyə göndərdiyi xilasetmə qrupu və humanitar yardımlar, istərsə də 35 ildən sonra Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara-Alican sərhəd-keçid məntəqəsinin açılması təsdiqləyir. Xüsusilə Türkiyə Ermənistanla sərhəddinin humanitar məqsədlər üçün açılması Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırmaq üçün ümidləri artırdı.İrəvan faktiki olaraq humanitar məqsədlər üçün belə olsa iki ölkə arasında sərhəd məntəqəsinin açılmasına nail oldu və hazırda bunun davamlı olması üçün səylərini artırır. Təsadüfi deyil ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ötən gün açıqlamasında qeyd etdi ki, "Ermənistan tərəfi hər an Türkiyə ilə sərhədi açmağa hazırdır". Qriqoryanın bu açıqlamasından sonra Mirzoyanın Türkiyəyə səfər etməsi ondan xəbər verir ki, rəsmi İrəvan Türkiyə ilə münasibətləri normallaşdırmaq, eyni zamanda iki ölkə arasında sərhədlərin açılmasına çalışır".
Bəs, İrəvan-Ankara yaxınlaşmasından Bakı narahat olmalıdır? Politoloq hesab edir ki, hazırda belə bir yalnış yanaşma var ki, Türkiyə-Ermənistan yaxınlaşması Bakıda məmnuniyyətlə qarşılanmır: "Bu həm doğru, həm də yalnış yanaşmadır. Məsələ ondadır ki, bu düşüncə daha çox Azərbaycan ictimaiyyətində hakim olan fikirdir. Lakin rəsmi Bakı bütövlükdə Ermənistan-Türkiyə yaxınlaşmasına ya da iki ölkə arasında münasibətlərin normallaşmasına qarşı deyil. Hətta Prezident İlham Əliyev bu məsələ ilə bağlı açıq şəkildə deyib ki, Azərbaycan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasına müsbət baxır. Prezident çıxışılarının birində bildirib ki, Türkiyə özü sərhədlərin nə zaman açılacağını müəyyən edə bilər və Azərbaycan tərəfindən buna "hər hansısa mənfi rəy verilməyəcək". Onsuz da Türkiyə bu məsələdə maksimum dərəcədə Azərbaycanın mövqeyini nəzərə alır və alacaq. Amma bu o demək deyil ki, Türkiyə özünün xarici siyasətini bütövlüklə Azərbaycanın siyasəti ilə eyniləşdirməlidir. Misal üçün 2010-cu il mayın 31-də Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin "Mavi mərmərə" gəmisinə İsrail hərbçilərinin basqınından sonra iki ölkə münasibətləri faktiki olaraq sonlandı. Lakin İsrail-Azərbaycan münasibətləri olduğu kimi qaldı. Rəsmi Bakının vaxtında atdığı bu doğru addım bu gün Türkiyə-İsrail münasibətlərinin normallaşmasında ən önəmli faktor oldu. Azərbaycanın vasitəçiliyi və diplomatik təmasları ilə ilə Təl-Əviv və Ankara arasındakı buzları əridərək münasibətləri əvvəlki səviyyəyə qaytarır. Bu mənada bu gün Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ankara və Bakının regionda mövqeyini daha da gücləndirə bilər. Məsələ ondadır ki, hazırda Ermənistan uğrunda regionda Qərb və Rusiya arasında kəskin mübarizə gedir. Bu mübarizədən kənarda qalan yeganə güc isə Türkiyədir. Faktiki olaraq Türkiyənin bu gün Ermənistana heç bir təsir gücü yoxdur. Analarının Zəngəzur dəhlizinin açılması və ya Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanınması istiqamətində İrəvana edəcəyi təzyiqlərin heç bir nəticəsi yoxdur və çətin ki, də olsun. Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Ankaranın İrəvana qarşı təzyiq rıçaqlarından istifadə imkanlarını artırır. Belə ki, iki ölkə arasında münasibətlərin normallaşması ilk etabda siyasi və iqtisadi sferanı əhatə edəcək. Sərhədələrin açılması isə öz növbəsində türk şirkətlərinin Ermənistana, erməni işçilərin isə Türkiyəyə axın etməsi ilə nəticələnəcək. Xüsusilə türk şirkətlərinin Ermənistan bazarında pay sahibi olması Ankaranın bu ölkədə iqtisadi varlığından xəbər verəcək. Onsuz da zəif və xarici ianələrdən asılı olan Ermənistan iqtisadiyyatı üçün türk şirkətləri yeni nəfəs deməkdir. Türk şirkətlərinin Ermənistan bazarında çəki qazanması isə öz növbəsində gələcəkdə bu ölkənin siyasətinə təsir etmək deməkdir. Son olaraq isə Ermənistanın rus asılılığından xilas olub Qərbə inteqrasiya etməsi üçün Türkiyədən başqa alternativi yoxdur. Bunu İrəvan da yaxşı bilir. Bu mənada nə Türkiyə-Ermənistan münasibətlərinin normallaşması nə də sərhədin açılması Azərbaycanı qətiyyən narahat etməməlidir".
Nurlan