Azərbaycan dövlətçilik ənənələrini daim qoruyub saxlayıb
20 Yanvar 2023 11:24 Siyasətİstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Qədim dövlətçilik ənənələrinə malik Azərbaycanın dövlətçilik tarixi çox qədim zamanlara gedib çıxır. Təsadüfi deyil ki, Azərbaycan qədim dövlətçilik ənənələrinə malik olan ölkələrdən hesab olunur. Azərbaycanda yaranmış dövlətlərin uzun, yaxud qısa müddət ərzində mövcud olmalarına baxmayaraq tarixdə dərin iz buraxıb. Məsələ orasındadır ki, Azərbaycanda hələ tam şəkildə formalaşmamış, təşəkkül tapmamış dövlətlər zaman-zaman yadelli işğalçıların basqılarına məruz qalıblar. Heç şübhəsiz buna səbəb ölkəmizin strateji baxımdan olduqca böyük əhəmiyyət kəsb etməsi və zəngin təbii sərvətlərə malik olmasıdır. Lakin ölkəmizə qarşı əsrlər boyu təkrarlanan yürüşlər bir-birini əvəz etməsinə baxmayaraq dövlətçilik ənənəmizi məhv edə bilməyiblər. Əksinə, tarixin istənilən dövründə yaranan dövlətlər yox olmaq, dünya xəritəsindən silinmək kimi məkrli planlara sinə gərərək siyasi və iqtisadi baxımdan daha möhkəmləniblər. Siyasi, iqtisadi, mədəni yüksəlişə nail olmaqla dünya dövlətlərinə nümunə olublar. Xatırlatmaq yerinə düşərdi ki, Azərbaycan coğrafiyasında yaranmış ilk dövlət Manna olub. Üç yüz ilə yaxın bir müddət ərzində mövcud olmuş bu dövlət sözün həqiqi mənasında özündə dövlətçilik ənənələrini birləşdirib. Hətta Mannanın süqutundan sonra Azərbaycan ərazisində yaranan yeni dövlətlər həmin ənənələrdən faydalanıblar. Məlum olduğu kimi XVI əsrin əvvəllərində Azərbaycan dövlətçiliyi özünün yeni bir tarixi mərhələsinə qədəm qoyub. Belə ki, I Şah İsmayıl bütün Azərbaycan torpaqlarını öz hakimiyyəti altında birləşdirməyə nail olub. Mərkəzləşmiş Səfəvi dövləti xalqımızın tarixində xüsusi əhəmiyyət kəsb etməklə yanaşı, dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz rol oynayıb.
Çox təəssüf ki, dövlətlərin zəifləməsindən maksimum yararlanmağa çalışan işğalçılar daimi ölkəmizi parşalamağa çalışıblar. Nəhayət Rusiya və İranı ortaq məxrəcə gətirən işğalçılıq siyasət nəticəsində bu məkirli niyyət reallaşdı. Nəticədə 1828-ci ildə Rusiya və İranın bölgədə yürütdüyü işğalçılıq siyasət nəticəsində doğma torpaqlarımız iki hissəyə bölündü. Lakin buna baxmayaraq Azərbaycan dövləti nəinki məhv olmadı, əksinə daha da inkişaf edərək dünyaya səs saldı. Sirr deyil ki, yaranmış vəziyyətdən xilas olmaq üçün həm Şimali, həm də Cənubi Azərbaycanda xalq ayağa qalxaraq azadlıq uğrunda cihad etdilər. Elə həmin mübarizələrin nəticəsi olaraq Şimali Azərbaycanda 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yarandı və bu cümhuriyyət müsəlman Şərqində ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi oldu. Çünki, Azərbaycan nə qədər basqıya məruz qalmasına baxmayaraq özündə dövlətçilik ənənəsini formalaşdırmışdı. Məhz bunun sayəsində bütün sahələrdə islahatlar aparan Azərbaycan Xalq Cümhuriyyəti xarici siyasətdə uğurlu addımlar atdı. Dünyanın bir sıra ölkələri Azərbaycan Xalq Cümhuriyyətini rəsmi olaraq tanıdı. 23 ay ərzində böyük uğurlara imza atan bu dövlət sovet Rusiyası tərəfindən 1920-ci ildə süquta uğradıldı. Keçmiş SSRİ-nin tabeliyində təqribən 70 il ərzində müstəqilliyindən məhrum olan xalqımız nəhayət ki, 1991-ci ildə yenidən öz dövlətçiliyini bərpa etdi. Müstəqilliyini əldə etdikdən sonra ölkəmiz Ümumilli lideri Heydər Əliyevin ciddi səyi nəticəsində 1995-ci il 12 noyabr tarixində Azərbayan Respublikasının Konstitusiyasını qəbul etdi. Demək olar ki, bununla da Azərbaycanda yeni dövlətçilik ənənəsinin əsası qoyuldu. Müstəqil Azərbaycan Respublikası bu gün dünya siyasətində uğurlu siyasi addımlar atır. Ulu öndər Heydər Əliyevin o dövrdə həyata keçirdiyi uzaqgörən siyasəti bu gün ölkəmizin inkişafına imkanlar açmış və bu siyasətin davamçısı ilham Əliyev dövlətçilik naminə bir sıra islahatlar həyata keçirməkdədir. Xarici və daxili siyasətdə nailiyyətlər qazanan ölkə başçımız böyük səylə təcavüzkar dövlət olan Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızı cəmi 44 gün ərzində azad etdi. Hazırda Azərbaycan dünya siyasətini müəyyən edən aparıcı dövlətə çevrilib. Dünyada əksər sosial-iqtisadi layihələr Azərbaycanın təşəbbüsü ilə həyata keçirilir.
Məlum olduğu kimi hər bir milləti dünyada tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri onun adət və ənənələridir. Başqa sözlə, yüksək mənəvi dəyərlər sisteminə malik ölkələr xalqlar və dövlətlər arasında öz spesifikliyi ilə seçilir. Bu baxımdan qloballaşan dünyada milli adət və ənənələr və onun əsasında formalaşdırılan yüksək mənəvi dəyərlər sistemi hər bir millətin mənəvi, mədəni simasını göstərir. Dünyanın ən qədim xalqlarından olan Azərbaycan da özünün zəngin milli, əxlaqi və mənəvi dəyərlər sistemi ilə bəşər sivilizasiyasına əvəzsiz töhfələr verərək özünəbənzər adət və ənənələri, yüksək mənəvyyatı ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının yüksək mənəvi dəyərlərə malik olduğunu göstərən təkraredilməz adət və ənənələr millətimizin keçmişi ilə bu günü və gələcəyi arasında sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təbii ki, bütün dövrlərdə mütərəqqi adət və ənənələrin yaradıcısı, eyni zamanda onu qoruyub zənginləşdirən və gələcək nəsillərə çatdıran xalqdır. Bayram adət-ənənələri, toy, yas mərasimləri, İslam dininin bəşəri hissləri təbliğ edən dəyərləri xalqımızın milli-mənəvi simasının aynası hesab edilir. Bu müstəvidə də zəngin adət-ənənələrimizi özündə cəmləşdirən milli mənəvi dəyərlər sistemində Novruz bayramı özünəməxsus yer tutur. Novruz süfrəsi adət və ənənələrimizin zənginliyini göstərir. Belə ki, çərşənbələrdə, istərsə də Novruz axşamında süfrədə milli xörəklərimiz, ən başlıcası isə plov olmalıdır. Şəkərbura, paxlava, şəkər çörəyi və digər şirniyyatlar, kişmiş, püstə, badam, boyanmış yumurtalar süfrələrimizi bəzəyir. Çərşənbələrdə olduğu kimi, Novruz axşamında da tonqal qalanır, evlərdə ailə üzvlərinin hər birinin adına şam yandırılır. Bu bayramda kimsəsizlərə, ehtiyacı olanlara, ahıl insanlara baş çəkmək, onlara bayram sovqatı vermək savab hesab edilir. Azərbaycanda toy şənlikləri də qədim və zəngin xalq adət-ənənələrinə söykənir. Elçi getmə, nişan taxma və toy adətlərinin dərin kökləri vardır. Əgər qız və oğlan bir-birini bəyənib, talelərini nikah vasitəsilə birləşdirmək arzusundadırlarsa, onlar, ilk növbədə, valideynlərinin razılığını almalıdırlar. Yas mərasimləri ilə bağlı da azərbaycanlıların bir maraqlı adət və ənənələri var. Qadınlar zinət əşyaları taxmır, qara paltar geyinir, qara yaylıq bağlayırlar. Kişilər üzlərini qırxmırlar. Bu günlər ərzində qohumlar bayram keçirməməli, toy etməməli, musiqi alətlərində çalmamalıdırlar. Yas günlərində mərhumun yaxınları özgə toylarına, şənliklərə və hətta təqdimat mərasimlərinə belə getmirlər. Əgər gənclər nişanlıdırlarsa, evlənmək üçün onlar bir il, yəni yas müddəti bitənədək gözləməlidirlər. Nəhayət, adət və ənənələrin milli mənəvi dəyərlər sistemində oynadığı əvəzsiz rollardan biri də hər bir ənənənin müəyyən əxlaqi məna daşıması ilə bağlıdır. Belə ki, adət və ənənələrimiz hər bir insan nəslinin yaratdığı əxlaqi dəyərləri qoruyub, yeni nəslə çatdırmaq vasitəsi kimi çıxış edir.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir