Heydər Əliyevin vətəndaş cəmiyyətinin formalaşmasında xidmətləri əvəzsiz olub
20 Yanvar 2023 11:54 SiyasətMəlum olduğu kimi 2023-cü il Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin imzaladığı sərəncam əsasında "Heydər Əliyev İli" elan olunub. İlk ayını yaşadığımız 2023-cü il həm də ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə təsadüf etdiyi üçün bu il Azərbaycan dövləti, Azərbaycan xalqı, ümumiyyətlə dünyada yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir və məna daşıyır.
Zəngin dövlətçilik təcrübəsi və siyasi bacarığı olan Heydər Əliyev bu günkü güclü, qüdrətli Azərbaycanın şah əsəridir deyənlər yanılmırlar. Çünki Azərbaycanın hər bir sahəsində tərəqqi, inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Bunu cəmiyyətimizin hər bir üzvü bilir və bu reallığı qəbul edir.
Ümummilli liderin hər bir sahədə olduğu kimi Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında da xidmətləri əvəzsiz olub.
.jpg)
"Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı deyib ki, 1993-cü ildə ölkəni bürüyən xaos, anarxiya, eləcə də dövlət çevrilişi, vətəndaş qarşıdurması fonunda xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan ümummilli liderin ilk gündən atdığı addım ölkədə siyasi sabitliyi bərpa etmək oldu. "Qısa zamanda buna nail olan ümummilli lderin sonrakı addımları ayrı-ayrı sahələrin inkişafına yönəldi" deyən Arzuman Muradlı qeyd edib ki, bu mənada ulu öndərin rəhbərliyi altında 1995-ci ildə ölkə Konstitusiyasının qəbul edilməsini xüsusi qeyd etmək lazımdır: "Ölkədə həyati əhəmiyyətə malik olan ictimai-siyasi sabitlik bərqərar edildikdən sonra 1995-ci ildə ümummilli lider öndər Heydər Əliyevin müəllifliyi ilə vətəndaşlara birləşmək, istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu özündə əks etdirən, həmin birliklərin sərbəst fəaliyyətinə tam təminat verən ölkə Konstitusiyası qəbul olundu". Arzuman Muradlı qeyd edib ki, beləliklə, Konstitusiyanın qəbulu ilə ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının dövlət strukturu deyil, məhz aşağıdan gələn təşəbbüskarlığın ümumi ifadəçisi olması, müstəqil qurum kimi formalaşması, Azərbaycanın milli maraqlarının qorunması sahəsində də əlavə imkanlar açıldı. İctimai Birlik sədri diqqətə çatdırıb ki, müstəqilliyimizin ilk illərində yaranmış müxtəlif səpkili ictimai birliklər, cəmiyyətlər əsasən fəaliyyətlərini qaçqın və məcburi köçkün probleminin həllinə, ölkəmizin informasiya blokadasından çıxmasına, demokratik proseslərin dərinləşməsinə, vətəndaş cəmiyyəti quruculuğuna kömək etməyə yönəldirdilər. Buna rəğmən Azərbaycanda hələ də vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatları tam formalaşmamış, bu sahədə müəyyən bürokratik əngəllər qalmaqda idi. Lakin zaman-zaman həmin maneələrin aradan qaldırılması istiqamətində Heydər Əliyev tərəfindən ortaya qoyulan siyasi iradəyə uyğun olaraq zəruri addımlar atıldı.
Arzuman Muradlı diqqətə çatdırıb ki, bu mənada Azərbaycanda qeyri-hökumət təşkilatlarının təşəkkülü bir neçə mərhələdən keçib: "İlkin mərhələ qeyri-hökumət təşkilatlarının yaranmasında sistemliyin olmaması və pərakəndəliklə xarakterizə edilir. Həmin dövrdə dövlət tərəfindən qeyri-hökumət sektoruna münasibətdə ümumi yanaşma və prioritetlərin müəyyənləşməsi prosesi gedirdi. Həyatın müxtəlif sahələrini əhatə edən yüzlərlə qeyri-hökumət təşkilatlarının yaranması və cəmiyyətimizdəki demokratik proseslərə qoşulması onların fəaliyyətinin müəyyən koordinasiyasını, dövlət orqanları və beynəlxalq qurumlarla daha səmərəli əlaqələrin qurulmasını zəruri edirdi".
İctimai Birlik sədri diqqətə çatdırıb ki, qısa müddətdə beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətində də lazımı addımlar atıldı: "Beləliklə, 1997-ci ildə BMT-nin İnkişaf Proqramı ilə Azərbaycan hökuməti arasında "Azərbaycan qeyri-hökumət təşkilatlarının institusional inkişafı və vətəndaş cəmiyyəti quruculuğuna kömək" adlı birgə layihə haqqında saziş imzalandı. Layihənin icrası üçün 1998-ci ildə QHT-lərin Resurs və Təlim Mərkəzinin yaradılması QHT sektorunun sonrakı inkişafında ciddi faktora çevrildi. Ardınca 1998-ci ildə "Qrant haqqında" qanunun qəbul edilməsi qeyri-hökumət təşkilatlarının əsas maliyyə mənbəyinin qanun çərçivəsində tənzimlənməsi baxımından müstəsna əhəmiyyətə malik oldu.
1999-cu ildə Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təsis olunması bu boşluğu xeyli dərəcədə aradan qaldırdı. QHT-lərlə İş üzrə Resurs və Təlim Mərkəzinin təşkilati və texniki dəstəyi ilə 11 iyul 1999-cu ildə Milli QHT Forumu 95 təşkilat tərəfindən təsis edildi. Bununla, ölkə QHT-lərini öz ətrafında toplayan Milli QHT Forumunun üzərinə böyük vəzifə düşdü. Ən nəhayət, 2000-ci ildə "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" yeni qanun qəbul edildi. 2003-cü ildə isə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunların qəbulu QHT sektorunun inkişafına təkan verən addımlardan oldu".
Artıq qeyri-hökumət təşkilatları ilə dövlət, hakimiyyət birgə əməkdaşlıq şəraitində işləyirdi. Buna misal kimi 1999-cu ildə İstanbulda keçirilən ATƏT sammitini göstərmək olar. Belə ki, Heydər Əliyev 1999 cu ildə ATƏT-in İstanbul sammitində dövlət başçılarının qatıldığı görüşə QHT nümayəndələrini də dəvət edir. Həmçinin həmin ərəfədə Prezident Aparatında İstanbul sammitinin yekunlarına həsr olunmuş toplantıya da QHT sektorunun nümayəndələri dəvət olunur.
Beləliklə həmin dövrdə QHT sektoru bilavasitə Heydər Əliyevin dəstəyini almış olur. Heydər Əliyev açıq şəkildə QHT-lərə dəstək verdiyini, bu institutlara böyük ehtiyac olduğunu, dövlət strukturlarının QHT-lərə dəstək verməyinin vacibliyini vurğulayırdı. Beləliklə, ulu öndərin bu yanaşmadan sonra vətəndaş cəmiyyəti institutları üçün yaşıl işıq yandırıldı və QHT-lər hökumət qurumları ilə çox yaxından əməkdaşlıq etməyə başladılar.
Arzuman Muradlı deyib ki, Heydər Əliyev kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün sahələrə olduğu kimi, bu sahəyə də xüsusi diqqət yetirir, ölkədə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi istiqamətində zəruri addımlar atır. İctimai Birlik sədrinin sözlərinə görə, 2003-cü ilin sonlarında "Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında" qanunun qəbul edilməsi Prezident İlham Əliyevin vətəndaş cəmiyyətinin inkişafında maraqlı olduğunu təsdiqləyirdi. Məhz həmin qanunun qəbulu QHT-lərin qeydiyyatının asanlaşmasına səbəb oldu.
Sonrakı illərdə "Azərbaycan Respublikasının Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası"nın hazırlanması və 2007-ci il iyulun 27-də Prezident İlham Əliyev tərəfindən təsdiq olunması, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması deyilənlərin sübutu idi. Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi kimi fəaliyyət göstərən bu qurum hökumətlə QHT sektoru arasında körpü rolunu oynayır.
Süleyman