2023-cü il işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın növbəti mərhələsinin başlanğıcı ili olacaq
13 Yanvar 2023 11:22 Siyasətİstiqamət: işğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış"
44 günlük Vətən müharibəsində tarixi zəfərimiz uzun illər həsrətində qaldığımız yurd yerlərinə qayıdışın təməlini qoymuş oldu. Müharibədən ötən iki il ərzində azad edilən ərazilərdə görülən genişmiqyaslı quruculuq-abadlıq işləri Böyük Qayıdışın tezliklə baş tutacağına olan ümidləri artırıb. Elə Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da məhz bu qənaətdədir. O bildirib ki, biz son günlər 2023-cü ilin nə ili olacağı ilə bağlı tez-tez ən müxtəlif açıqlamalara, proqnozlara, ekspert rəylərinə rast gəlirik: "Bəziləri 2023-cü ilin "Heydər Əliyev ili", digərləri bu ilin "Zəngəzur dəhlizi ili", üçüncülər 2023-ün "Qərbi Azərbaycan ili", dördüncülər isə "Güney Azərbaycan ili" olacağını deyirlər. Diqqət etsək görərik ki, əslində bu proqnozların hamısı doğrudur. Bəli, bu il ilk növbədə həqiqətən də "Heydər Əliyev ili" olacaq. Çünki bu barədə artıq rəsmi qərar da var. Bildiyimiz kimi Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb və bu istiqamətdə il ərzində həyata keçiriləsi tədbirlər planı da hazırlanıb. Bununla yanaşı, 2023-cü ilin həm də Zəngəzur dəhlizinin açılması, Qərbi Azərbaycana Qayıdış planınınişə düşməsi və Güney Azərbaycandakı soydaşlarımızın haqq və hüquqlarının müdafiə edilməsi də bizim üçün ümummilli hədəflər kimi, əsas prioritetlər kimi olduqca əhəmiyyətlidir. Amma bütün bunlarla bərabər xalq və dövlət olaraq gündəmimizdə "Böyük Qayıdış" kimi həyati əhəmiyyətli başqa bir hədəfimiz də var. Bu baxımdan mən hesab və ümid edirəm ki, 2023-cü il bizim üçün həm də işğaldan azad edilmiş torpaqlarımıza Böyük Qayıdışın növbəti mərhələsinin başlanğıcı ili olacaq. Nəyə görə növbəti mərhələ deyirəm? Çünki bu istiqamətdə artıq ilkin addımlar atılıb. Belə ki, Çocuq Mərcanlı kəndinə və Ağalıda salınmış "Ağıllı şəhər"ə qayıdış mərhələləri artıq uğurla baş tutub. Mənim orada görülən işləri bir partiya sədri kimi şəxsən müşahidə etmək imkanım da olub. Bu tendensiya 2023-cü ildə bir qədər də sürətlənəcək. Mən buna əminəm və bunu keçmiş məcburi köçkün soydaşlarımıza da tez-tez deyirəm. Çünki mən özüm də keçmiş məcburi köçkünəm və hazırda da onların arasında yaşayıram. Ona görə də bu soydaşlarımız "İşğaldan azad edilmiş ərazilərə kütləvi qayıdışımız nə vaxt başlayacaq" sualı ilə tez-tez mənə müraciət edirlər. Mən onlara böyük inamla deyirəm ki, bu prosesin təməli artıq uğurla qoyulub və bu istiqamətdə görülən hazırlıq işləri gündən-günə genişlənir. Mənim əminliyimin, sarsılmaz inamımın əsas səbəblərindən, qaynaqlarından biri də budur ki, 44 günlük müharibənin bizim Qələbəmizlə bitməsindən keçən son 2 il ərzində azad edilən ərazilərdə görülən quruculuq-abadlıq işlərinin əhatə dairəsinə, miqyasına nəzər salsaq görərik ki, bu istiqamətdə olduqca böyük bir məsafə qət edilib, bir-birindən fərqli meqa-layihələr həyata keçirilib, infrastruktur qurulub. Prezident İlham Əliyevin erməni vandallarının 30 il ərzində misilsiz vəhşiliklərə yol verərək talan etdikləri ərazilərimizə hər səfərinin gedişində Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişafının təmin olunması və zəruri infrastrukturun yaradılması istiqamətində yeni-yeni strateji obyektlərin, məktəblərin, xəstəxanaların, modul tipli elektrik stansiyalarının və s. açılışını etməsinin özü də iki il öncə Şanlı Ordumuzun işğaldan azad etdiyi ərazilərin hazırda nəhəng bir tikinti-yenidənqurma meydançasına çevrilməsinin təsdiqidir".

Əlisahib Hüseynov qeyd edib ki, əhalimizin doğma torpaqlara qayıdışına zəmin yaradılması yönündə genişmiqyaslı tədbirlər həyata keçirilir: "Hər şey "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında dövlət başçısının imzaladığı Sərəncama uyğun surətdə həyata keçirilir. Həmin Proqrama əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək 5 Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu prioritetlər soydaşlarımızın tələblərinə və günümüzün geosiyasi, geoiqtisadi, qlobal çağırışları da nəzərə alınmaqla həyata keçirilir. Ona görə də biz işğaldan azad edilmiş ərazilərin sürətlə dirçəldilməsinə və əhalinin o ərazilərə köçürülərək təhlükəsiz, dayanıqlı məskunlaşmasına nail olacayıq. Dövlətimizin bu istiqamətdə əlindən gələni etməsi zatən göz qabağındadır. Və bütün bu işlərin hamısı Azərbaycanın öz resursları hesabına görülür. Ortada heç bir "Marşal Planı" flanı yoxdur".
MHP sədrinin sözlərinə görə, beynəlxalq təşkilatlar, qlobal maliyyə fondları İkinci Dünya müharibəsindən sonra Almaniyanın, Yaponiyanın dirçəlişi üçün ağlasığmaz maliyyə vəsaitləri ayırmasının, onlara hər cürə texniki-iqtisadi dəstək verməsininin oxşar analogiyasını təəssüf ki, Qarabağın və Şərqi Zəngəzurun bərpasına münasibətdə əsla görmürük: "Çünki müasir dünyada "ikili standart"lar hökm sürür. Ona görə də biz indiyə qədər müharibə xaosundan çıxan dövlətlərdən fərqli olaraq bərpa-quruculuq işlərinin hamısını öz imkanlarımız hesabına həyata keçiririk və bunu da bütün dünyaya açıq mətnlə bəyan edirik. Bəli, bu bir aksiomadır ki, həmin ölkələrin heç biri öz daxili potensialı hesabına müharibədən sonra bu qədər böyük miqyasda bərpa işləri görməyib. 20-ci əsr tarixinə qısa bir ekskurs etmək kifayətdir ki, bu həqiqəti hər kəs görsün. Əlbəttə, biz bunu dövlətimiz adına qürurla bildiririk. Çünki bu bir daha qalib dövlətimizin iqtisadi gücünü göstərir. İnşallah bu güc bütün tarixi yurd yerlərimizə Böyük Qayıdışımızı təmin edəcək!".
Süleyman İsmayılbəyli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir