Bu müsahibədən sonra İrəvan hakimiyyəti ciddi nəticələr çıxaracaq - ÖZƏL
11 Yanvar 2023 12:27 Siyasət"Cənab Prezident İlham Əliyevin jurnalistlərlə görüşündə bir sıra mühüm nüanslara toxunaraq həm Ermənistana, onları dəstəkləyən havadarlarına, həm də Qarabağ iqtisadi rayonunda qanunsuz əməllər icra edən separatçı, qondarma rejimə mühüm mesajlar ünvanladı".
Bu fikirləri "OLAYLAR"-a səsləndirən AVP sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə deyib ki, İrəvan hakimiyyəti, əsas fiqur baş nazir Nikol Paşiniyan 10 Noyabr bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərdən hər vəclə yayınmaq cəhdləri edir: "Ermənistan Praqa görüşündən sonra Qarabağın Azərbaycan torpağı olmasını qəbul etdi, lakin biz yenə də müşahidə edirik ki, İrəvan öz iddialarından əl çəkmək istəmir. Lakin dövlət başçımızın müsahibə zamanı Silahlı Qüvvələrin inkişafından danışması, yeni hərbi birləşmələrin yaradılması, xüsusilə xüsusi təyinatlı qüvvələrin sayının artırılmasını vurğulanması Ermənistan və separatçılara ünvanlanmış mühüm mesaj idi. Həmçinin qardaş Türkiyə Ağrı dağında müasir hərbi baza inşa etməklə Paşiniyan hakimiyyətinə mühüm siyasi və hərbi mesaj ünvanlanmış oldu".
AVP rəsmisi hesab edir ki, bu müsahibədən sonra İrəvan hakimiyyəti ciddi nəticələr çıxaracaq və üzərinə götürdüyü öhdəliklərin icrası istiqamətində əməli fəaliyyətlər icra edəcək: "Qarabağda yaşayan ermənilərin isə Azərbaycan qanunlarına tabe olmaq və Azərbaycanın hakimiyyətini tanımaqdan başqa çıxış yolu yoxdur. Çünki mütləq güc Azərbaycanın əlindədir və Vardanyan kimi fiqurlar sadəcə olaraq onların özləri üçün problemlər yaradır. Bu səbəbdən Qarabağda yaşayan ermənilər ilk öncə Vardanyan və Harutyunyan kimi şəxslərdən qurtulub ölkəmizin hakimiyyətini qəbul etməlidir.Bu onlar üçün ən doğru qərar olar".