Qətiyyətlik prinsiplərini əxz etdirən 32 illik şərəfli yol
11 Yanvar 2023 11:59 Siyasət"SƏS" qəzeti fəaliyyətinin 32 illik dövründə keşməkeşli, elə də asan görünməyən yolları keçib. Lakin mən onu da qeyd etmək istərdim ki, keçilən bu yol həm də özündə qətiyyətlik prinsiplərini əxz etdirən şərəfli bir yoldur ki, onun təməlində müstəqil mətbuatımızın sarsılmaz əqidə məktəbi dayanmaqdadır". "Olaylar" xəbər verir ki, bunu "SƏS" qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyev deyib. Baş redaktor bildirib ki, "SƏS" qəzeti yalnız üzərinə düşən tarixi missiyaları yerinə yetirən mətbu orqanı deyil, bu qəzet eyni zamanda, bir mətbuat məktəbidir: "Məhz Azərbaycanın müstəqillik tarixi ilə yaşıd olan "SƏS" qəzeti bütün fəaliyyəti dövründə xalqın sözünü deyən sevimli mətbuat orqanına çevrilməyi bacarıb və daim Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılmasına, inkişafına, tərəqqisinə çalışıb, bu gün də çalışmaqdadır. Əlbəttə ki, belə bir tarixi əhəmiyyətli və qətiyyətli yolu keçmək heç də hər mətbuata nəsib olmur. Biz fəxr edirik ki, belə bir yolu keçmək, belə bir aşırımları aşmaq, qət etmək bizlərə nəsib olub və bu arada fürsətdən istifadə edərək, mən və redaksiya heyətimiz bizi növbəti - 32-ci ildönümümüz münasibəti ilə bağlı təbrik edən hər kəsə öz dərin minnətdarlığımızı bildiririk".
B.Quliyevin sözlərinə görə, "SƏS" qəzetinin keçdiyi tarixi yol, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil: "O cümlədən, partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında qəzetimizin özünəməxsus rolu mövcuddur. "SƏS" bu gün Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir, YAP-ın bütün seçki və siyasi kampaniyalarında fəallıq göstərir. Bu da öz ədalətli mövqeyində dönməz olan "SƏS"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin artan oxucu auditoriyasını bir qədər də genişləndirir. Son dövrlərin ictimai-siyasi proseslərində, eləcə də qloballaşan dünyada baş verən hadisələrin işıqlandırılmasında fərqliliyi ilə seçilən "SƏS" qəzeti 44 günlük Vətən müharibəsində deyərdim ki, ən fəal mətbu orqanı olaraq seçildi. İstər analitik yazıları, istər cəbhədə baş verən hadisələrin operativ çatdırılması, istərsə də yerli və xarici politoloq və siyasi xadimlərin mövqelərinin işıqlandırılmasında, xüsusilə milli ideya, vətənpərvərlik mövzularının təbliğində qəzetimiz var qüvvəsini ortaya qoydu. Əsasən, düşmənlə aparılan informasiya müharibəsində biz fəaliyyətimizi bilavasitə Müzəffər Ali Baş Komandan, xalqının, Ordusunun qalib Sərkərdəsi İlham Əliyev cənablarının fikir və konsepsiyaları, tezisləri kontekstində qurduq, cəbhədə əldə edilən zəfərimiz üçün bütün gücümüzlə çalışdıq. Bu, ilk növbədə bizlərin jurnalistlik missiyamızla yanaşı, həm də vətəndaşlıq borcumuz, məsuliyyətimiz idi".